Direktor Samir Piriyevin qızına görə işdən çıxarılıb? - həyat yoldaşı DANIŞDI

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva qızına irad bildirən məktəb direktorunun onlara görə işdən çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, o bu haqda sosial media hesabında paylaşım edib:
“Bu gün mən özüm qəsdlə bu haqda heç bir paylaşım etmədim ki, saytlara məzə olmasın. Amma alınmadı. Saytlar hər zamankı kimi reytinq peşindədir. Nazirliyin əmri ilə işdən çıxarılan direktora bizim adımızı calamayın, xahiş edirəm. Onun övladıma haqsız və kobud iradı keçən ilin oktyabrında olub, mən də qızıma qarşı cəmiyyət içində göstərdiyi kobudluğa görə şikayətimi ictimaiyyətə bildirmişəm. İndi əgər təqaüd yaşını çox keçdiyinə və aşkar olunmuş bir çox ciddi nöqsanlarına görə direktor nazirlik tərəfindən vəzifəsindən uzaqlaşdırılıbsa, buna biz səbəbkar deyilik. Və çox ümid edirəm ki, 42 saylı məktəbə 30 ildən sonra savadlı, mədəni, rüşvətxor olmayan yeni direktor təyin olunar”.
Qeyd edək ki, Bakıda 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova işdən çıxarılıb.
Bildirilib ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib. İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Firəngiz Həmidova direktor olduğu məktəbdə təhsil alan müğənni Samir Piriyevin qızına geyimi ilə bağlı irad bildirmişdi. Müğənninin həyat yoldaşı isə sosial media hesabında direktordan şikayətlənmiş, direktorun uşaqlarla kobud davrandığını bildirmişdi (musvat.com).