Qəbul imtahanı bir dəfə keçirilsin, fənlərin sayı azaldılsın - TƏKLİF

Keçmiş təhsil naziri Misir Mərdanov bildirib ki, imtahan sistemi məktəbləri sıradan çıxarıb.
Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, imtahanlar aşağı siniflər üçün əsasən, IV və VI siniflər-monitorinqdən ibarətdir.
"KSQ və BSQ-ləri də əgər imtahan kimi nəzərə alsaq, o zaman II sinifdən XI sinif daxil hamısında bu qiymətləndirmə aparılır. Yuxarı təhsil pilləsində IX siniflər üçün buraxılış, XI siniflər üçün buraxılış+blok imtahanları (əgər ali məktəbə ərizə təqdim edilibsə) keçirilir. Bütün bunlarla yanaşı fənn olimpiadaları, müxtəlif yarışmalar və s. də demək olar ki, yuxarı təhsil pilləsində könüllülük prinsipi əsasında keçirilir. Əlbəttə bütün bunlar şagirdə təsirsiz ötüşməyə bilər, amma nəzərə almalıyıq ki, hər biri özlüyündə vacib əhəmiyyət kəsb edir. Dünya ölkələrinin bir çoxunda bu və buna bənzər vəziyyət mövcuddur. Biz sadəcə elə bir sistem yaratmalıyıq ki, şagird imtahan asılılığından qurtula bilsin. Bunun üçün qəbul imtahanını 1 dəfə olmaqla keçirmək, fənlərin sayını minimallaşdırmaq lazımdır", - deyə Elçin Əfəndi bildirdi.
Aytəkin TOFİQQIZI