"Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil" - Deputat

 12:59 23.05.2025     771

"Bu gün aydın məsələdir ki, məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir".

Redaktor.az xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir.

"Mən dəfələrlə bu məsələni aktuallandırmışam ki, təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyata toxunan bir sahədir, mənəviyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ayın 10-da Ağdamda Kəngərli sakinləri ilə də görüşdə qalib olmağımıza əsas səbəb kimi bizim mənəviyyatımız, ədəbiyyatımız, mədəniyyətimiz, ailə və məktəbi göstərdi. Bu mənəviyyat, mədəniyyət təməllərini qorumaq lazımdır. Baxın, Prezident Qarabağda sıfırdan başlayaraq necə böyük işlər görür. Bizim axı bu gün bütün sahələrdə yaxşı ənənəmiz var, bizim ədəbiyyət ənənəmiz var, bizim mədəniyyət ənənəmiz var, sadəcə o təməlllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, qeyimi, yəni bunlar diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüş və yüksək mənəviyyatı formalaşdıran bir ocaqdır. Ona görə bu qism məsələlərdə həssas davranmalı, gecikməməliyik. Gecikəndə, bax belə adda-budda da olsa, neqativləri çıxır və bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün düşünürəm ki, bir cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik.

Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik. Məlum məsələdir ki, daha çox psixoloji durumu yerində olmayan yeniyetməni narkotiklərə öyrəşdirmək daha asandır. Bu mənada psixoloqların üzərinə böyük iş düşür" - deyə E.Akimova bildirib.