"İkinci cəhd imtahan sualları sadələşdirilə bilər" - AÇIQLAMA

 16:38 26.05.2025     1868

Ali təhsil müəssisələrində plan yerləri ötən il ilə müqayisədə artırılıb. Bununla belə ötən gün 2-3 qruplar üçün keçirilən qəbul imtahanlarının çətin keçdiyi bildirilir. Həm abituriyentlər, həm də bəzi təhsil ekspertləri hesab edirlər ki, dünənki imtahandakı suallar müəllimlərin işə qəbul imtahanlarındakı suallar səviyyəsində olub.

Əgər plan yerləri artırılıbsa, imtahan suallarının çətin salınması nə qədər düzgündür?

Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi öncə qeyd etdi ki, plan yerlərində artım kəskin deyil:

"Müraciət edən abituriyent sayı ilə mövcud plan yerlərini müqayisə etdikdə faktiki olaraq 70 mindən çox abituriyent müsabiqədən kənarda qalır. İmtahanların çətin olması fikrinə gəldikdə, Dövlət İmtahan Mərkəzi tərəfindən proqramlar öncədən elan olunub. Suallar da ciddi hazırlaşan abituriyent üçün demək olar ki, əlçatan idi. Nəzərə alaq ki, bu, birinci cəhd imtahanıdır, bunun ikinci cəhdi də var. Tarix fənni sualları ilə bağlı çətinlik olduğu bildirilir. Amma düşünürəm ki, həm buraxılış, həm blok imtahanında nəticə əldə edən abituriyentlər müsabiqə şərtini ödəyirlər və onlar çox rahatlıqla ali təhsil müəssisələrini qazana biləcəklər".

Təhsil eksperti bildirdi ki, daha yaxşı ixtisaslara qəbul olmaq istəyənlər, növbəti cəhdə iştirak edib imkan qazana bilərlər.

"Bu gündən etibarən ikinci cəhd üçün elektron ərizə qəbulu başlanılır. 2-3 qruplar üçün iyul ayının 6-sında, 1-4 qruplar üçünsə iyul ayının 13-də keçiriləcək. Həmin dövrə qədər abituriyentlərin əlində 1 ay və ya 40 gün zaman var. Bu zamanı dəyərləndirib daha ciddi hazırlaşmaqla nəticələrini artıra bilərlər. Ümid edirəm, ikinci cəhd imtahan sualları bir qədər də sadələşdirilər. 1-ci cəhddə rahat yazmaq imkanları var idi, ikinci cəhddə bir az sadələşərsə, abituriyentlər ikinci cəhddə daha yaxşı nəticə göstərəcəklər", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI