"Nazirlik narahat olmalıdır ki, niyə 10-11-ci sinif şagirdləri siniflərdə deyil, repetitorların yanında hazırlaşırlar?"

 16:39 27.05.2025     3185

"Dünən Dövlət İmtahan Mərkəzi II və III qruplara keçirilən imtahan suallarının çətinliyi ilə bağlı müvafiq açıqlama yaydı. Təbii ki, dövlət qurumunun açıqlamasına hörmətlə yanaşıram. Hesab edirəm ki, bu, yaxşı bir nümunədir. O baxımdan ki, abituriyentlər və onların valideynləri xeyli narahatlıq ifadə edirdilər. İmtahan suallarının çətinliyi ilə bağlı iddialar və ittihamlar var idi. Dövlət İmtahan Mərkəzi isə buna aydınlıq gətirdi və mərkəzin yaydığı rəsmi açıqlamada imtahan suallarının çətinliyi ilə bağlı söylənilən fikirlərin, ittihamların əslində həqiqəti əks etdirmədiyi bildirildi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov II və III qrup imtahanlarından sonra bildirilən problemlərə Dövlət İmtahan Mərkəzinin verdiyi açıqlamanı şərh edərkən bildirdi. 

"Doğrusu, mənə də bununla bağlı xeyli sayda müəllim və valideyn müraciət edib. Onlar da sualların çətinliyini iddia edirlər. Ümumiyyətlə, hər bir imtahandan sonra bu kimi ittihamlar səsləndirilir. Daha çox imtahanda zəif nəticə göstərən abituriyentlərin valideynləri tərəfindən bu fikirlər irəli sürülür. Mən bu ittihamların nə qədər həqiqət olduğunu bilmirəm, çünki nəticələr hələ elan olunmayıb. Amma yenə də bir fikri xüsusilə müdafiə edirəm ki, universitetlərə qəbul şərtlərini bir qədər asanlaşdırmaq lazımdır. Əlbəttə, universitetə qəbul olmaq istəyən çoxdur, amma hamı qəbul ola bilməz – bu başadüşüləndir. Bütün hallarda imtahanların zaman-zaman çətinliyi ilə bağlı faktlar öz təsdiqini tapıb. Söhbət təkcə sonuncu imtahandan getmir.

Ona görə də bu istiqamətdə düşünmək lazımdır. Həm də burada bir paradoks var. Paradoks ondadır ki, repetitor müəllimlərə “nəyə görə həmin məzmunu, həmin dərsi sinifdə izah etmək mümkün deyil və şagird mütləq repetitor yanına getməlidir?” deyə soruşanda, onlar qeyd edirlər ki, əslində DİM-in tərtib etdiyi sualların üzərindən sinifdə keçmək mümkün deyil. Sadəcə olaraq, onlar xüsusi yanaşma və bacarıq tələb edir".

Ekspertin fikrincə, DİM və Elm və Təhsil Nazirliyi – biri təhsil verən, digəri təhsili ölçən dövlət qurumlarıdır və bu kimi məsələlərlə bağlı müzakirələr aparmalıdırlar.

"Elm və Təhsil Nazirliyi narahat olmalıdır ki, niyə 10-cu, 11-ci sinif şagirdləri siniflərdə deyil, repetitorların yanında hazırlaşırlar? Niyə valideynlər ətək-ətək pul töküb uşağını repetitor yanına göndərirlər? Niyə o təhsili sinifdə almaq olmur? Niyə sinifdə alınan təhsillə universitetə qəbul olmaq olmur? Lisey məzunlarının qəbul almasını qoyuram qırağa, çünki nazirlik bəzən lisey məzunlarının qəbul olmasını pafosla qeyd edir. Amma hamı da liseyə qəbul ola bilmir axı. Liseylərin proqramı ilə adi məktəb proqramı fərqlidir. Orada təmayülləşmə daha çoxdur. Onun nəticəsi də, təbii ki, yüksək olacaq. Liseylərə seçilmiş uşaqlar da xüsusi imtahanlardan keçmiş uşaqlardır.

Amma niyə kənddə, məsələn, kəndli Əhmədin övladı universitetə qəbul olmaq üçün mütləq repetitor yanına getməlidir? Sual verirəm: niyə? Deməli, nəsə var və mən o "nəsə"ni aradan qaldırmağın tərəfdarıyam.

İkinci şans imtahanlarına artıq qəbul başlanıb. Əlbəttə ki, mən DİM-in bu imkanı yaratmasını dəstəkləyirəm. Əslində, mən düşünürəm ki, ildə iki dəfə yox, bir neçə dəfə imtahanlar keçirmək üzərində düşünmək lazımdır. Onsuz da bu imtahanlar ödənişlidir. Bu baxımdan bu məsələ üzərində düşünmək olar" , - deyə İlqar Orucov qeyd etdi.

Xədicə BAXIŞLI