"Bu müəllimlərin dərs saatı azalacaq" - Ekspertdən ETİRAZ

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. Qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.
Qəbulun yalnız 6-cı sinif şagirdlərinə aid edilməsi qərarı haqda informasiyanın cəmiyyətə tədris ilinin sonuna yaxın verilməsi nə dərəcədə doğrudur? Eyni zamanda 4-cü sinfi bitirənlər üçün (5-ci sinfə qəbul) qəbulun elan edilməməsinin səbəbi nə ola bilər?
Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, Elm və Təhsil Nazirliyi tərəfindən və ona tabe olan Təhsil İnstitutu tərəfindən lisey və gimnaziyalara qəbul ilə bağlı gözlənilməz qərar verilib.
"Mərkəzləşdirilmiş formada lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdə oxuyan şagirdlərə şamil edildi. 6-cı sinifdə oxuyan şagirdlər 7-ci sinifi lisey və gimnaziyalarda oxumaq üçün imtahan verəcəklər. Həmin imtahan üçün 5-20 iyun aralığında qeydiyyatdan keçməlidirlər. Əvvəlcə buna inanmadım. Yaxın ətrafımda da hazırlaşanlar olduğundan, onlar zəng edib üzüntülərini bildirdilər. Onlara tez inanmamalarını bildirdim. Sonradan dəqiqləşdirib gördüm ki, təəssüf ki, bu qərara əsasən yalnız 6-cı siniflər imtahanda iştirak edə biləcəklər. Bu, məyusedici və yolverilməz haldır. Bəziləri deyir ki, bu, vaxtında deyilərdi. Bu da doğrudur. Uşaqların hazırlıq müddəti sentyabrdan başlanır. Valideynin buna ən azı aylıq verdiyi 300 manat ödənişi hələ demirəm. Onun hazırlığa aparmaq üçün sərf etdiyi xərcləri demirəm. Mən hələ ki, şagirdin əziyyətini deyirəm".
Ekspert qeyd etdi ki, bu yolverilməzdir.
"Heç olmasa bu, sentyabrdan deyilərdi. Bu, indiki qədər məyusedici olmazdı. İmtahana bir ay qalmış qərar verirlər ki, yalnız 6-cı siniflər imtahan verə bilir. Necə olur ki, bu, dünənə qədər 4–8-ci sinif aralığında idi? Mənim qardaşımın övladı da hazırlaşır. Məsələ tək bu deyil, hazırlaşan hər kəsi öz doğmamız hesab edirik. Çünki hazırlaşan hər bir şəxs eyni yaşantını yaşayır, hər valideyn eyni cür məyus olur.
Səbəbləri bilmirəm. Bununla bağlı açıqlama çox istərdik. İstərdim desinlər ki, bu qərar gələcəkdə dəyişəcək. Lisey və gimnaziyaların öz daxilində də bunlar çaxnaşma yaradır. 5–6-cı siniflərdə dərs deyənlər var, bu zaman müəllimlərin dərs saatı həddindən artıq azalacaq. Lisey və gimnaziyalara hazırlıq uşaqlarda mühüm irəliləyiş yaratmışdı. Hazırda lisey və gimnaziyalarda 5–6-cı siniflərə dərs deyən müəllimləri düşünərdilər", - deyə Elmin Nuri fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI