Onlar da liseylərə imtahan verə biləcək - Nazirlik geri ÇƏKİLDİ

 09:44 29.05.2025     6526

Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Redaktor.az xəbər verir ki, Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb.

“Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinifdən aparılması ilə bağlı qərar valideynlərin və təhsil ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Təhsil ekspertləri və valideynlər Elm və Təhsil Nazirliyini bu qərarı ləğv etməyə çağırmışdılar.