Lənkəranda azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarıldı - YENİLƏNDİ

Lənkəranda “Kaspi Kids” uşaq bağçasında azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya bağçanın təsisçisi Murad İbrahimov məlumat verib.
O bildirib ki, yayılan görüntülərdən dərhal sonra lazımi tədbirlər görülüb, həmin tərbiyəçi-müəllimin əmək müqaviləsinə xitam verilib.
***
Xəbər verdiyimiz kimi, Lənkəranda "Kaspi Kids" uşaq bağçasında müəllim uşağı su qabı ilə vurub.
Redaktor.az xəbər verir ki, baş verən hadisə ilə bağlı Kaspi Təhsil Şirkəti açıqlama verib:
“Sosial şəbəkələrdə “Kaspi Kids” Lənkəran nümayəndəliyində baş vermiş xoşagəlməz halla bağlı video paylaşılıb. Hadisə bizi son dərəcə məyus edib və dərin narahatlıq doğurub.
Məlumat vermək istərdik ki, “Kaspi Kids” Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə “Hirkan Hazırlıq Kursu” MMC tərəfindən idarə olunur. “Hirkan Hazırlıq Kursu” MMC, Kaspi Kids brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərir.
Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, Kaspi Kids brendinin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədikləri üçün “Hirkan Hazırlıq Kursu” MMC-nin françayzinq müqaviləsinə xitam verilib”.
Qeyd edilib ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmlərini daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək.
***
Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib.
Redaktor.az cenublu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, ardından su qabı ilə başına zərbə endirir.
Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır:
“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.