"Zəif nəticə göstərmək şagirdin zəif olması anlamına gəlmir" - AÇIQLAMA

2-3-cü qruplar üçün blok imtahanının birinci mərhələsi keçirilib. İkinci mərhələnin iyulda keçirilməsi planlanlaşdırılır. Bəzi abituriyentlər isə zəif nəticə göstərdiklərinə görə motivasiyadan düşüblər.
Bəs ilk mərhələdə zəif nəticə göstərənlər özlərini psixoloji olaraq ikinci mərhələyə necə hazırlamalıdırlar?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, zəif nəticə göstərmək şagirdin zəif olması anlamına gəlmir.
"Bu, sadəcə həmin gün və şəraitdə onun potensialını tam göstərə bilmədiyini göstərir. İmtahan, xüsusilə də bu tip blok imtahanları yalnız bilik yox, eyni zamanda streslə baş etmə bacarığını da ölçür. İkinci mərhələyə psixoloji hazırlıq üçün bir neçə mühüm məqamı vurğulamaq olar. Uğursuzluğu şəxsiyyətləri ilə eyniləşdirməsinlər. Şagirdlər anlamalıdırlar ki, bir imtahandan alınan nəticə onların kim olduqlarını müəyyən etmir. Bu, sadəcə bir mərhələdir və düzəltmək, inkişaf etmək mümkündür.
Qorxu yerinə bu hala təcrübə kimi baxmaq lazımdır. İlk mərhələ onların üçün real bir məşq oldu. Bu dəfə imtahan ab-havasına artıq tanışdırlar. Bu təcrübəni bir fürsətə çevirmək lazımdır".
Müsahibimiz qeyd etdi ki, növbəti imtahana məqsədli və planlı hazırlaşmaq lazımdır.
"İkinci mərhələyə qədər olan vaxt ərzində konkret hədəflər qoymaq, zəif mövzular üzərində işləmək və zaman bölgüsünü düzgün aparmaq həm inamı artıracaq, həm də nəticəni. “Mən bacarmaram”, “onsuz da alınmayacaq” kimi düşüncələrdən uzaq durmaq vacibdir. Bu cür neqativ düşüncələr yerinə “irəliləyə bilərəm”, “mən əvvəlki səhvlərdən öyrənmişəm” kimi motivasiyaedici cümlələr qurmaq önəmlidir. Valideynlər uşaqlara nəticəyə görə yox, səy göstərdiklərinə görə dəyər verdiklərini hiss etdirməlidirlər. Bu, onların üzərindəki təzyiqi azaldacaq və daha rahat hazırlaşmalarına şərait yaradacaq. Unutmayaq ki, psixoloji hazırlıq bəzən akademik hazırlıq qədər əhəmiyyətlidir. Uşaqlarımıza güvənək və onların potensiallarına inanmaq valideyn olaraq hər birimizim borcudur", - deyə Z.Əyyubova əlavə etdi.
Aytəkin TOFİQQIZI