"Əvvəlki təhsil sisteminin faydalı tərəflərinə qayıtmaq lazımdır"

 00:27 30.05.2025     1103

"Bəzən istərdik ki, bizim yerimizə nəsə deyən, bizim yerimizə haqqı müdafiə edən biri olsun. Amma bu belə olmur. Haqqı müdafiə etmək, təhsildə ədalət uğrunda danışmaq, yazmaq, addım atmaq hər birimizin borcudur. Təəssüf ki, bu gün təhsildə ciddi problemlərlə üz-üzəyik: qərarsız idarəetmə, ziddiyyətli qəbul qaydaları, ədalətsiz imtahanlar və ən pisi – dəyər verilməyən müəllim".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Onun fikrincə, təhsildə taleyüklü qərarların zamanıdır.

"Artıq düşünürəm ki, bəzi məsələlərdə əvvəlki sistemin faydalı tərəflərinə qayıtmaq lazımdır. Bəlkə də özəl sektorun çevikliyi, məsuliyyət hissi, rəqabət mühiti dövlət sistemindən daha səmərəlidir. Çünki mən təhsilə dəyər vermək, fayda vermək istəyirəm. Amma bu sistemdə nə qədər mümkündür, onu zaman göstərəcək.

Bu gün dəyişikliyə ehtiyac var. Bu dəyişiklik yalnız başqalarından gözlənilməməlidir. Biz nəsə etməliyik. Təhsilə dəyər verməsək, təhsildən dəyər görməyəcəyik. İmtahanlar, qəbul prosesi, idarəçilik… hər yerdə tıxac var. Amma ən böyük tıxac – susqunluğumuzdadır.

Dəyər görmək istəyiriksə, ilk addımı özümüz atmalıyıq. Bu sistem dəyişməlidir. Və dəyişməyə bizdən başlamalıdır", - deyə K.Əsədov əlavə edib.

Turan İSMAYIL