"Valideynlər özlərini bu qədər yormasınlar, həmin liseylərin şagirdləri də repetitor yanına gedir"

 18:43 30.05.2025     1326

"Valideynlər bildirirdilər ki, biz xərc çəkmişik, gərək bu əvvəldən deyilərdi. Əslində bu kimi hallar Azərbaycanda dəb halı alıb".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Məzahir Məmmədli lisey və gimnaziyalara yalnız 6-cı siniflərin imtahan verə biləcəyi qərarının ləğv olunmasından danışarkən bildirdi.

O, qeyd etdi ki, lisey və gimnaziyalara ayrılan yer sayı yüzlərlədir:

"Amma ora sənəd verənlərin sayı on minlərlədir. 150-200 yer üçün 10 dəfə artıq sənəd verən valideynlər var. Hesab edirəm ki, bu liseylərin yaxşı nəticəsi var deyə hər kəs övladını ora qoymağa can atır. Hər liseydə 25-30 yer olsa, bunun üçün bu qədər narazılıq dalğası yaratmağa bəlkə də ehtiyac yox idi. Qərarın qəbul olunmasında yanlışlıqlar var idi, əvvəldən elan olunmalı idi. Təhsil İnstitutu bu il ictimai narazılığı nəzərə alıb güzəşt edib, amma qərar qüvvəsində qalır, qərar faktiki olaraq dəyişmir. Məsələnin geniş müzakirəsinin tərəfdarı deyiləm. Fikrimin ana xətti odur ki, həmin liseylərin şagirdləri də repetitor yanına gedirlər. Valideynlər özlərini bu qədər yormasınlar. Təhsil məktəblərinin proqramına uyğun dərs keçirilir, sadəcə müəllimlərin seçim məsələlərində üstünlük var ki, ora həvəs artır", - deyə M.Məmmədli bildirdi.

Aytəkin TOFİQQIZI