"Bu gün müəllim öz sinifində belə qərarsız və müdafiəsiz qalır" - AÇIQLAMA

 19:26 30.05.2025     682

"Son illərdə Azərbaycanda təhsildə həyata keçirilən islahatlar müasir dövrün çağırışlarına uyğunlaşmaq məqsədi daşısa da, bəzi fundamental məsələlərdə əvvəlki sistemin faydalı komponentlərinin unudulması ciddi keyfiyyət boşluqları yaradıb".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov təhsil sisteminin problemlərindən danışarkən bildirdi.

"Müasir təhsil siyasəti forma etibarilə yenilənmiş olsa da, məzmun baxımından çox vaxt sınaqdan keçmiş və effektli mexanizmləri arxa plana atmaqla nəticə yönümlü deyil, prosesə fokuslanan formal yanaşmalara çevrilib. Bu isə nə müəllimin iş keyfiyyətinə, nə şagirdin öyrənmə motivasiyasına, nə də bütövlükdə təhsil sisteminə uzunmüddətli fayda verir", - deyə o vurğuladı.

Ekspertin sözlərinə görə, əvvəlki sistemdə müəllimə münasibət daha etibarlı və güvənə əsaslanırdı:

"Müəllim məktəbdə və cəmiyyətdə nüfuzlu şəxsiyyət kimi qəbul olunurdu. Bu gün isə sosial mediada müəllimlərə qarşı aqressiv ritorika, şagird və valideyn münasibətlərində məsuliyyətsizlik halları artıb. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 43.2-ci maddəsində qeyd olunur ki, “müəllimlərin şərəf və ləyaqətinin alçaldılması yolverilməzdir” və bu, hüquqi müdafiə tələb edən məsələdir. Amma mövcud idarəetmədə bu prinsipin tətbiqi zəifdir. Keçmişdə müəllimin iradəsi sinifdə əsas pedaqoji rəhbər kimi tanınırdı, bu gün isə müəllim çox zaman öz sinifində belə qərarsız və müdafiəsiz qalır. Bu dəyişikliyin nəticəsi kimi, şagirdlərdə məsuliyyət hissi zəifləyir, nizam-intizam pozulur".

Kamran Əsədov bildirdi ki, əvvəllər təhsildə qiymətləndirmə yalnız nəticəyə deyil, eyni zamanda prosesə və şagirdin dərsə münasibətinə əsaslanırdı:

"Müəllim şagirdin zəhmətini, iştirakını və inkişaf dinamikasını da qiymətləndirirdi. Hazırda tətbiq olunan test əsaslı sistem isə yalnız konkret cavabların düzgünlüyünü ölçür və öyrənmə prosesindəki davranışları, təşəbbüskarlığı və yaradıcı yanaşmaları nəzərə almır. Bu yanaşma bir tərəfdən obyekivliyi artırsa da, digər tərəfdən, təhsilin humanist və şəxsiyyətyönümlü funksiyasını zəiflədir. Nəticədə biz “test üçün öyrənən”, amma həyati bacarıqlardan məhrum bir nəsil yetişdiririk. Məsələn, 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin apardığı statistikaya əsasən, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanların 38%-i məktəbdə orta müvəffəqiyyətli şagirdlər olub, bu da məktəbdəki qiymətləndirmə ilə test nəticələri arasında uyğunsuzluğu göstərir".

Müsahibimiz əlavə etdi ki, əvvəlki sistemin diqqətçəkən cəhətlərindən biri də texniki və peşə yönlü istiqamətləndirmənin mövcudluğu idi.

"Şagirdlər müəyyən sinif mərhələsindən sonra ixtisaslaşmaya yönləndirilir, hər kəs ali təhsilə yönəlmirdi. Bu, əmək bazarında balansın qorunmasına imkan verirdi. Məsələn, 1985-ci ildə SSRİ-nin Azərbaycan üzrə statistikasında texnikum və peşə məktəblərinə qəbul olunanların sayı 33%-ə yaxın idi. Hazırda isə bu göstərici 10%-dən aşağıdır. Əvəzində, hər il on minlərlə gənc universitetlərə qəbul olunaraq, real əmək bacarığı olmayan diplomla əmək bazarına daxil olmağa çalışır. Bu proses həm işsizliyin artmasına, həm də ali təhsilin devalvasiyasına səbəb olur",- deyə təhsil eksperti vurğuladı.

Aytəkin TOFİQQIZI