"Az maaşla müəllimdən çox tələb etmək ədalətsizlikdir" - AÇIQLAMA

"Müəllimin aldığı əməkhaqqı onun yalnız işinə görə deyil, həm də yaşamasına görə olmalıdır".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov deyib.
Onun fikrincə, müəllim dərs deyə-deyə krediti necə ödəyəcəyini, işıqpulunu haradan tapacağını düşünməməlidir.
"Bugünkü reallıq isə tamam fərqlidir: müəllimin maaşı nə bazar səbətinə çatır, nə kirayəyə, nə də uşağın məktəb xərclərinə.
Az maaşla çox tələb etmək ədalətsizlikdir. Həm vicdana, həm də dövlət siyasətinə yaraşmır. Əgər yüksək nəticə, səviyyəli dərs, motivasiyalı müəllim istəyiriksə, bu sözlə yox, əməli dəstəklə – layiqli əməkhaqqı ilə başlanmalıdır.
Müəllim ay sonunu yox, sabahkı dərsini düşünməlidir", - deyə K.Əsədov bildirib.
Turan İSMAYIL