"Abituriyentlərə təqdim olunan sualların çoxu real tədris proqramından uzaqdır"

 03:56 02.06.2025     2215

"Müəllim peşəsinin nüfuzu, təəssüf ki, sistemli şəkildə aşınır. Səbəb təkcə maddi deyil - inamın itirilməsi daha dərindir. Qəbul imtahanlarında abituriyentlərə təqdim olunan sualların çoxu real tədris proqramından uzaqdır, səriştə və situasiya adı altında təqdim olunan nümunələrin isə məktəb dərslikləri ilə heç bir əlaqəsi yoxdur".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, müəllimlərin sertifikasiya və işə qəbul imtahanlarında qarşılaşdıqları suallar mövcud kurikulum çərçivəsinə və ali məktəblərdə tətbiq olunan müəllim hazırlığı proqramlarına əsaslanmır:

"Təəssüf ki, bu suallar ya hansısa kursların müəllimləri, ya da test müəllifləri bazar yanaşması ilə tərtib edirlər. Nəticədə, imtahanlar qiymətləndirmə deyil, ələmə vasitəsinə çevrilir.

Bu, sadəcə bir yoxlama deyil - müəllimin psixoloji dayanıqlığına zərbə, təhsilin sisteminə etimadın tükənməsi deməkdir. Təhsil alan da, təhsil verən də özünü bu sistemdə yad hiss edir. Biz təhsili şəffaflaşdırmaq adı ilə müəllimi və şagirdi kənara sıxışdırırıq. Bu, strategiya deyil. Bu, çaşqınlıqdır".

K.Əsədov qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi olaraq dəfələrlə bildiriblər ki, müəllim dəyərləndirilməlidir, amma bu dəyərləndirmə reallığa, pedaqoji məzmunun ruhuna və mövcud təhsil mühitinə söykənməlidir.

"Məlumatlandırılmadan, hazırlıqsız və qeyri-obyektiv şəkildə həyata keçirilən istənilən qiymətləndirmə vasitəsi təhsilə deyil, yalnız texniki prosedurlara xidmət edir.

Artıq susmaq olmaz. Təhsil bazara yox, gələcəyimizə işləməlidir. Müəllim inamsız sistemin yox, qurucu gücün mərkəzində dayanmalıdır", - deyə təhsil eksperti bildirib.

Turan İSMAYIL