"Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər" - DİM-ə ETİRAZ

 04:15 02.06.2025     2608

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, ötən gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Bildirilib ki, sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.

Redaktor.az xəbər verir ki, həmin sualdakı səhvlik geniş təhsil ictimaiyyəti tərəfindən müzakirə olunmaqdadır. Bir çoxları DİM-i və ona rəhbərlik edən Məleykə Abbaszadəni tənqid atəşinə tutmağa başlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov qeyd edib ki, bir səhv suala görə abituriyent xeyli vaxt itirib və panikaya düşüb.

"DİM deyir ki, "8 min ekspertimiz var". Bəli, biz də gördük o “ekspertlərinizi”. 5 günə 1 sual düz yaza bilməyən, amma minlərlə abituriyentin taleyini testin içinə basdıran “ekspertlər”! 

Bu gün I ixtisas qrupu üzrə riyaziyyatda texniki səhv buraxılıb. Uşaq o sualda 5-10 dəqiqə itirib, panikaya düşüb, zamanını planlaya bilməyib. Sizsə deyirsiniz: “Sual düzgün cavablandırılmış sayılacaq.” Siz məsələni balla ölçürsünüz, bizsə ədalətlə. Bəs itirilən inam? Bəs pozulan psixoloji tarazlıq? Bəs 1 sualda ilişib qalan 1 illik zəhmət? 16 yaşlı uşaqdan mükəmməllik tələb edirsiniz, amma 30-40 yaşlı “ekspertləriniz” bir səhifəlik testi bacarıqsızlıqla hazırlayır. Bu artıq təkcə savadsızlıq deyil – bu, təhsil cinayətidir! Cavabdeh kimdir?! Cəzalanan varmı?! Yoxsa hər dəfə bir “bağışlayın”la məsələ bağlanacaq?! Bu qədər məsuliyyətsizliklə siz heç kimin gələcəyinə toxunmağa layiq deyilsiniz!", - deyə o vurğulayıb.

Turan İSMAYIL

2