"Blok imtahanları ləğv olunmalıdır" - Elşən Qafarov

 17:31 02.06.2025     862

Bildiyimiz kimi ötən gün 1-4cü qruplar üçün blok imtahanının birinci mərhələsi keçirilib. İmtahandan sonra isə ekspertlər tərəfindən bildirilir ki, fənnlərin hər üçündə suallar asan, orta, çətin olaraq salınmalıdır. Hansısa bir fənn digər ikisindən daha çətin olmamalıdır. Bildirilir ki, 1-ci qrup üzrə imtahanda Riyaziyyat fənni digərlərindən daha çətin olub.

Təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, qəbul imtahanında sualların çətinlik səviyyəsi Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətindədir.

"Əgər bu buraxılış imtahanı olsaydı, biz bununla bağlı etiraz edə bilərdik. Buraxılış imtahanı məzunların yekun attestasiyasıdır. Qəbul imtahanlarında DİM-in bu sualları hansı səviyyədə salması ilə bağlı irad bildirə bilmirik. Müəyyən sualların asan, çətin salınması və ya hamısının çətin salınması DİM-in səlahiyyətindədir. Prosesin özünü müzakirə edə bilərik. Dünyanın heç bir ölkəsində blok imtahanı anlayışı yoxdur. Azərbaycan gəncinin hər 100 nəfərindən 95-i arzuladığı ixtisasa qəbul ola bilmir. Müəllimliyə sənəd verən mühəndis olur, mühəndis olmaq istəyən müəllim olur, həkim olmaq istəyən müəllim olur və s. Bu mexanizm doğru deyil. DİM blok imtahanlarını ixtisaslar üzrə imtahanlarla əvəz etməlidir".

Ekspert qeyd etdi ki, hazırda ölkədə 46-47 ali təhsil müəssisəsi var.

"Kifayət qədər ayrı-ayrı ixtisaslar da var. Kim hansı ixtisası istəyirsə, universitetlərdə həmin ixtisası seçib o ixtisas üzrə müsabiqədə iştirak etsin. Blok imtahanlarının mexanizmi dəyişdirilməlidir, biz bunu illərdir təklif edirik. Amma qəbul imtahanlarının asan və ya çətin olması qurumun özündən asılıdır. Ola bilər yoldaşlar deyə bilər ki, riyaziyyatdan suallar asandır, tarixdən çətindir. Belə bir tendensiya var ki, nəyi bilirsənsə, o sənə asandır, nəyi bilmirsənsə, çətindir. Bu baxımdan düşünürəm ki, blok imtahanının suallarının müzakirəsi doğru deyil. Bu proses buraxılış imtahanında olsa idi, biz danışa bilərdik. Blok imtahanları ləğv olunmalıdır. Elə ixtisas var, 20–30 müəssisədə var, eləsi də var ki, yalnız 2-3 müəssisədə var. Qoy abituriyentlər ixtisaslar üzrə imtahan versinlər, kim hansı ixtisası istəyir, o zaman bilinəcək", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI