"Bir fincan çay gətirmək belə bəzən min sözə bərabər olur" - Abituriyent valideynlərinə ÇAĞIRIŞ

Qarşıdan abituriyentlər üçün blok imtahanlarının 2-ci mərhələsi gəlir.
Bəs valideynlər övladlarını necə motivasiya etməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, hazırda gənclər üçün olduqca həyəcanlı və gərgin bir dövrdür.
"Blok imtahanları həm fiziki, həm də psixoloji baxımdan şagirdlərə ciddi təsir edir. Bu səbəbdən valideynlərin övladlarına verdiyi dəstək, nəticədən daha önəmlidir. Valideynlərə tövsiyələr vermək istəyirəm. Gərginlik yaratmayın, anlayışlı olun.
Uşaqlar onsuz da kifayət qədər stres altındadırlar. “Sən bu imtahanda mütləq uğurlu olmalısan” kimi təzyiqedici cümlələr əvəzinə, “sən əlindən gələni etdikcə bizim üçün yetərlisən” mesajını vermək daha sağlam yanaşmadır. Müqayisədən uzaq durun.
Heç bir uşaq digərinə bənzəmir. “Filankəsin uşağı daha çox oxuyur” kimi ifadələr övladınızda özünə inamı zədələyə bilər və motivasiyanı azalda bilər. Dəstəyinizi hiss etdirin".
Müsahibimiz qeyd etdi ki, valdeynlər hər zaman övladlarına yanlarında olduqlarını hiss etdirməlidirlər.
"Səssizcə yanında oturmaq, bir fincan çay gətirmək belə bəzən min sözə bərabər olur. Məqsədi nəticədən üstün tutun. “Əsas məsələ bu imtahandan maksimum bal toplamaq deyil, öz potensialını tanımaq və təcrübə qazanmaqdır” mesajını verin. İnam verin. Uşağınızın gücünə inandığınızı ona tez-tez xatırladın. “Sən bacarıqlısan, sən çalışırsan və bu əziyyət qarşılığını verəcək” kimi cümlələr motivasiyanı artırır. İmtahan sonrası həyat olduğunu unutmayın. İmtahan bir mərhələdir, həyatın sonu deyil. Uşağa bunu da hiss etdirmək lazımdır ki, nəticədən asılı olmayaraq onu dəstəkləyən bir ailəsi var. Valideynlər özləri sakit və sabit olduqda, bu enerji uşağa da keçir. Yəni təkcə sözlə deyil, davranışla da dəstək göstərmək vacibdir", - deyə psixoloq qeyd etdi.
Aytəkin TOFİQQIZI