"Təhsil bərbad gündədir, MİQ imtahanları DİM-ə verilməlidir"

"Təhsil sistemində hara baxsaq, imtahanlar, işə qəbul, yerdəyişmə görürük. Bu gün Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu təyinatı üzrə fəaliyyət göstərmir".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov təhsil sahəsində aparılan imtahanlardan danışarkən bildirdi.
"Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi və onun struktur bölmələrindən bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilsin. Elm və Təhsil Nazirliyinin işi dövlətin təhsil siyasətini yerinə yetirməkdir, imtahan keçirmək deyil. Təhsil İnstitutunun vəzifəsi təhsil sahəsində elmi tədqiqatlar aparmaq və onu koordinatorluq etməkdir. Birmənalı formada bu imtahanlar DİM-ə verilməlidir. Bizə lazım olan müəllimi biz seçə bilirikmi? Bu, sual işarəsidir. Müəllimlərin yerdəyişməsi sistemi nə dərəcədə şəffaf, əlçatandır? Bu da sual işarəsidir. Düşünürəm ki, düzgün qaydalar müəyyən edilməlidir. Təhsil bərbad gündədir, təhsilin elə bir pilləsi yoxdur ki, biz dərin quyuda, labirintdə olduğumuzu hiss etməyək. İllərdir Təhsil Nazirliyinin işi imtahan və layihələrdir. Məktəbəqədər təhsildə, ümumi təhsildə vəziyyət bərbaddır. İmtahan qaydaları reallığı əks etdirmir. Yeni qaydalar qəbul edilməlidir", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI