Emin Əmrullayev bu rayonda qəbul keçirəcək - qəbula düşmək istəyənlər isə NARAZIDIR

 23:28 02.06.2025     1223

Elm və təhsil naziri Emin Əmrullayev 27 iyun tarixində Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək.

Redaktor.az bu barədə Elm və Təhsil Nazirliyinin saytına istinadla xəbər verir.

Qeyd olunub ki, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinləri iştirak edə bilərlər. 

"Adları çəkilən şəhər və rayonların sakinləri 16 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli hələ may ayının 26-da açıqlanıb. Həmin cədvəldə də elm və təhsil nazirinin yuxarıda qeyd olunan rayonların sakinlərini Daşkəsəndə qəbul edəcəyi yazılıb. Məlumat sosial şəbəkələrdə yayılarkən bəzi istifadəçilər nazirin bir-birindən çox uzaqda yerləşən rayonlardan insanların Daşkəsənə necə gedəcəyini sual ediblər. Məsələn, Naftalan sakinlərindən biri yazıb ki, Emin Əmrullayevin qəbuluna düşmək üçün Goranboy, Gəncə və Göygöl ərazisini keçərək dağ başında olan Daşkəsənə getmək Bakıya getməkdən daha çətindir. Eləcə də Goranboy, Kəlbəcər (məcburi köçkünlər müxtəlif şəhər və  rayonlarda yaşayırlar), Gəncə və Samux sakinləri də başqa rayonların ərazisindən keçərək Daşkəsənə getməyin həm uzaq, həm də maddi cəhətdən çətinlik yaradacağını qeyd ediblər və nazirin belə bir yerdə qəbulunu məntiqsiz hesab ediblər. Sosial şəbəkə istifadəçilərinin şərhlərində vurğulanır ki, bütün nazirlər elə bir rayon və ya şəhərdə qəbul keçirməldirlər ki, ora yalnız qonşu rayonların sakinləri qəbula gedə bilsinlər.

Ümid edirik ki, növbəti aylarda nazirlərin qəbul cədvəli hazırlanarkən bu kimi nüanslar nəzərə alınacaq və vətəndaşların hansısa nazirin qəbula düşməsi daha asanlaşacaq.

Redaktor.az

2