"Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq səviyyəsi kifayət qədər aşağıdır"

 15:44 03.06.2025     1258

"Azərbaycanda məktəbəqədər təhsil sistemi uzun illərdir ki, inkişafın prioritet istiqamətlərindən biri kimi qeyd olunsa da, faktiki vəziyyət göstərir ki, bu sahədə hələ də ciddi sistemli problemlər mövcuddur. Məktəbəqədər təhsil uşağın psixoloji, fiziki və intellektual inkişafında bünövrə mərhələsi kimi çıxış edir və bu mərhələnin keyfiyyəti sonrakı təhsil nailiyyətlərini birbaşa şəkildə müəyyənləşdirir. Lakin ölkədə bağçaların sayı, infrastruktur vəziyyəti, pedaqoji heyətin hazırlıq səviyyəsi və əlçatanlıq baxımından məktəbəqədər təhsil sistemində ciddi disbalans mövcuddur."

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəbəqədər təhsilin əhəmiyyətindən və uşaq bağçalarının sayının az olmasından danışarkən bildirdi.

"Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin artırılması mühüm hədəf kimi göstərilsə də, 2025-ci ilə qədər bu hədəfin yalnız məhdud bir hissəsi reallaşıb. Rəqəmlər göstərir ki, 1-5 yaş arası uşaqların məktəbəqədər təhsilə cəlb olunma faizi 2024-cü ilin sonuna 23,4% təşkil edib. Bu göstərici Avropa İttifaqı ölkələrində orta hesabla 85-90% arasında dəyişir. Məsələn, Estoniyada 3 yaşdan yuxarı uşaqların 94%-i bağçaya gedir. Beləliklə, Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq səviyyəsi kifayət qədər aşağıdır və bu, regionlar arasında kəskin fərqlərlə müşayiət olunur.

"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 2017-ci ildə qəbul edilmiş Qanununun 4-cü maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələri uşaqların məktəbə hazırlanmasını təmin etməli, onların inkişafına uyğun tərbiyə və təlim mühiti yaratmalıdır. Lakin bu qanunun nəzərdə tutduğu norma və prinsiplərin icrası reallıqda tam təmin olunmur. Məsələn, bu qanunun 14.3-cü bəndində məktəbəqədər təhsil müəssisəsində hər bir uşağın fərdi inkişafına yönəlmiş təlim proqramlarının hazırlanması və tətbiqi qeyd olunur. Amma hazırda ölkədə fəaliyyət göstərən dövlət bağçalarının əksəriyyətində təlim prosesi əsasən sadə, bəzən isə standartlaşdırılmış formal prosedurla aparılır, fərdi yanaşma və müasir tədris texnologiyaları nadir hallarda tətbiq olunur", - o deyib.

Bağçaların keyfiyyəti məsələsinə gəldikdə isə, K.Əsədov qeyd etdi ki, bu sahədə həm maddi-texniki baza, həm də insan resursları baxımından ciddi çatışmazlıqlar mövcuddur?

"Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair məlumatına əsasən, ölkədə fəaliyyət göstərən 1780 məktəbəqədər təhsil müəssisəsinin 62%-i paytaxt və iri şəhərlərdə cəmlənib. Bu isə regionlarda bağçaya çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Eyni zamanda, bir çox dövlət bağçalarında müəllim-uşaq nisbəti 1:20 və ya daha artıqdır ki, bu da pedaqoji səmərəliliyi azaldır. Müqayisə üçün qeyd etmək olar ki, Finlandiyada bu nisbət 1:7, İslandiyada isə 1:6 təşkil edir.

Müsbət tərəf ondan ibarətdir ki, son illərdə dövlət məktəbəqədər təhsilin əhatə dairəsini artırmaq üçün müəyyən tədbirlər görmüşdür. “Məktəbəqədər təhsilin dövlət standartı” təsdiqlənmiş, məktəbəqədər hazırlıq qrupları genişləndirilmiş, bəzi regionlarda modul tipli bağçalar tikilmişdir. Bu addımlar təqdirəlayiqdir və ölkə üzrə minimum təhsil infrastrukturunun formalaşdırılması üçün zəruridir. Lakin görülən tədbirlər problemin miqyasına adekvat deyil və prosesin ləngliyi bağçalara artan tələbatın qarşısında aciz qalır. 2024-cü ildə təkcə Bakı şəhərində 3 yaşına çatan 38 min uşaqdan yalnız 14 mini dövlət bağçalarına qəbul olunub. Yəni faktiki olaraq 24 min uşaq sistemdən kənarda qalır".

Ekspert qeyd etdi ki, özəl bağçaların sayı artsa da, onların əksəriyyətində nəzarət və akkreditasiya mexanizmləri zəifdir və bu müəssisələrin qiymət siyasəti də geniş əhali təbəqəsi üçün əlçatan deyil:

"Aylıq ödənişlər ortalama 350-700 AZN aralığında dəyişir və bu da sosial təbəqələşməni dərinləşdirir. Dövlətin universal çıxış strategiyası yaratmaması səbəbilə azgəlirli ailələrdən olan uşaqlar təhsildən kənarda qalır və bu, uzunmüddətli sosial qeyri-bərabərliyin əsasına çevrilir.

Dünya praktikasında məktəbəqədər təhsilə dövlət dəstəyinin gücləndirilməsi prioritet məsələdir. Məsələn, Norveç və Danimarka kimi ölkələrdə 1 yaşından etibarən hər bir uşaq üçün dövlət tərəfindən subsidiya verilərək keyfiyyətli bağçaya çıxış təmin olunur. Birləşmiş Krallıqda isə “Early Years Foundation Stage” adlı proqram vasitəsilə 3-4 yaşlı uşaqlar üçün həftədə 15 saatlıq pulsuz təhsil dəstəyi təqdim edilir. Azərbaycan da bu modeldən bəhrələnərək uşaqlar üçün minimum həftəlik iştirak norması və subsidiya sistemi formalaşdıra bilər".

Kamran Əsədov təklif etdi ki, məktəbəqədər təhsil sistemində başlıca dəyişikliklər aparılmalıdır: dövlət bağçalarının sayının artırılması, xüsusilə regionlarda yeni müəssisələrin inşası; müəllimlərin pedaqoji təlimi və əmək haqlarının artırılması; özəl sektorun fəaliyyətinə ciddi nəzarət mexanizmlərinin tətbiqi; hər uşaq üçün “məcburi məktəbəqədər iştirak hüququ” prinsipinin tətbiqi.

"Əks halda, ibtidai sinifə gələn uşaqlar arasında bacarıq, dil, sosial davranış baxımından ciddi fərqlər yaranacaq və bu bərabərsizlik təhsilin bütün pillələrinə sirayət edəcək.

Hazırkı vəziyyət göstərir ki, məktəbəqədər təhsil sistemindəki mövcud boşluqlar uşaqların gələcək təhsilində bərabər imkanların təmin olunmasına mane olur. Əgər bu sahəyə zamanında və sistemli şəkildə müdaxilə olunmasa, gələcəkdə həm kadr potensialında keyfiyyət itkisi, həm də sosial gərginlik riski daha da arta bilər. Məktəbəqədər təhsil sadəcə bir mərhələ deyil, cəmiyyətin gələcəyini müəyyən edən strateji başlanğıcdır və bu başlanğıcın sağlam olması bütün təhsil sisteminin təməlidir",- deyə təhsil eksperti vurğuladı.

Xədicə BAXIŞLI