"İxtisas seçimində valideynin müdaxiləsi əksər hallarda mənfi nəticələrə səbəb olur"

 16:03 04.06.2025     288

“Böyüyəndə nə olacaqsan?” sualına kiçik yaşlarda cavab vermək asan olur. Lakin böyüdükcə, xüsusilə də ixtisas seçimi mərhələsində bu sual çətin və məsuliyyətli bir qərara çevrilir. Belə hallarda ailə faktorunun rolu da güclənir. Bəs ailənin bu prosesə qarışması nə dərəcədə doğrudur? Ailənin burada göstərdiyi təsir müdaxilə, yoxsa dəstəkdir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad Redaktor.az-a bildirdi ki, valideynlərin ixtisas seçimində rolu ailənin dünyagörüşündən asılı olaraq dəyişir:

“Məsələn, elə ailələr var ki, uşağını çox yaxşı tanıyır, onun potensialına, bacarıqlarına bələddir. Hansı sahədə uğurlu ola biləcəyini əvvəlcədən təxmin edə bilir. Belə ailələr övladına istiqamət verərkən bəzən bunu diqtə formasında, bəzən isə izah edərək həyata keçirirlər”.

Ekspertin sözlərinə görə, bəzi valideynlər isə yalnız şəxsi müşahidələrinə əsaslanaraq qərar verirlər:

“Bəzən ailə qohumda, qonşuda məsələn, hansısa uşağın iqtisadiyyatı bitirib, bankda işə düzəldiyini görür və öz övladının da bu ixtisası seçməyini istəyir. Bu, kor-koranə yanaşma sayılır. Çünki ailə nəzərə almır ki, onun övladı iqtisadi sahəyə deyil, məsələn, humanitar sahəyə meyillidir. Ola bilsin ki, o, müəllim və ya jurnalist kimi daha uğurlu ola bilər. Bu cür yanlış yönləndirmə uşağın gələcək karyerasına ciddi təsir göstərə bilər. Uşaq ailənin müdaxiləsi ilə, marağı olmadığı bir peşəni seçdiyi zaman nə həmin sahədə qazanc əldə edə, nə də inkişaf edə bilir. Daha sonra diplomundakı ixtisasdan tamamilə fərqli, öz istədiyi sahəyə yönəlir. Belə olan halda, diplomu ilə işlədiyi sahə uyğun gəlmədiyindən müəyyən yoxlamalar zamanı çətinliklər yaşayır, hətta işdən çıxarılma halları belə baş verir”.

Elçin Murad sonda vurğuladı ki, valideyn övladına dəstək olmaq istəyirsə, bunu hökmranlıqla deyil, qarşılıqlı anlayışla etməlidir.

“Dəstək göstərmək istəyən valideyn təmkinli olmalı, övladının seçimlərinə hörmət etməyi bacarmalıdır. Təklif etdiyi sahənin gələcəkdəki iş imkanlarını, maddi tərəfini, övladının bu sahədə potensialı ola biləcəyini aydın şəkildə izah etməlidir. Lakin yekun qərar övladın öz öhdəsinə buraxılmalıdır. İxtisas seçimində valideynin birbaşa müdaxiləsi isə əksər hallarda mənfi nəticələrə səbəb olur. Statistika göstərir ki, müdaxilə olunan halların 95 faizi uğursuzluqla nəticələnir”, - deyə təhsil eksperti bildirdi.

Nigar İLYASQIZI