Kamran Əsədov DİM-in toplantısını yarımçıq tərk etdi - "Belə müzakirə olmur"

"Bu gün Dövlət İmtahan Mərkəzinin dəvəti ilə 25 mayda keçirilən qəbul imtahanında II və III ixtisas qruplarında tarix fənnindən istifadə olunan və mübahisəli hesab etdiyim test tapşırıqlarını müzakirə etmək üçün görüşdə iştirak etdim".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.
"Təəssüflə qeyd etməliyəm ki, DİM nə özünün abituriyent jurnalında dərc etdiyi kurikulum standartlarına, nə eyni jurnalda təqdim olunan ədəbiyyat siyahısına, nə də ümumtəhsil məktəblərinin rəsmi dərsliklərinə uyğun gələn, elmi baxımdan əsassız və faktlarla ziddiyyət təşkil edən test tapşırıqlarına görə konstruktiv və elmi mövqe sərgiləmədi. Verilən testlərin doğruluğu əsaslandırıla bilmədi. Əvəzində yalnız qurum daxilində kimə və nəyə əsaslandığı bəlli olmayan statistik məlumatlarla manipulyasiya cəhdləri edildi.
Halbuki 20 illik təhsil təcrübəmə görə, DİM illərlə elmi yanaşmaya söykənən, şəffaf qəbul prosesi ilə tanınan, hər kəsə açıq olan, demokratik bir qurum obrazına sahibdir. Təəssüf ki, bugünkü müzakirə bu prinsiplərlə uzlaşmadı. Müzakirə zamanı təqdim etdiyim 3 konkret səhv test tapşırığı ilə bağlı arqumentlərə qarşı sadəcə inzibati müdafiə mövqeyi nümayiş etdirildiyi üçün 1 test tapşırığının müzakirəsindən sonra görüşü yarımçıq tərk etdim. Çünki belə müzakirə olmur. Test tapşırığının doğruluğunu DİM-in ədəbiyyat siyahısısındakı dərsliyə görə isbat etməyən, ancaq özünün şəxsi təxəyyülü ilə fikir yürüdənlərlə müzakirə olmur. Fakt olmalıdır, o da ki, yoxdur, yəni DİM o faktı təqdim edə bilmədi.
Bundan sonra bu məsələ ilə bağlı hüquqi müstəvidə addımlar atacağam", - deyə o qeyd edib.
Turan İSMAYIL