Məhz bu ixtisaslara sənəd verin - Təhsil ekspertindən abituriyentlərə TÖVSİYƏ

 15:01 05.06.2025     385

"Ölkədə 160-a yaxın ixtisas var. Nəticə etibarilə, abituriyentlər ixtisas seçimi məsələsində təbii ki, hansı peşəni sevirlərsə, hansı peşədə özlərini görürlərsə, o peşələri seçməlidirlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov abituriyentlərin ixtisas seçiminin nəyə əsaslanaraq etməli olduqlarından danışarkən bildirdi.

"Yalnız ali məktəblərə daxil olmaq üçün istənilən ixtisası yazmaq da doğru deyil. Çox təəssüf ki, valideynlər də ixtisas seçimi zamanı müdaxilə edirlər. Hansı ki, uşağın hansı peşə üzrə meyil və bacarıqlarının olmasını nəzərə almayaraq fikirləşirlər ki, daha doğru bilirlər. Bəzi hallarda ixtisas seçimində kodlaşdırma zamanı səhvlər olur. Abituriyentlər arzuladığı ixtisasa yox, tamamilə fərqli ixtisasa qəbul olurlar. Təbii ki, bu gün əmək bazarının tələblərində xidmət sektoru əvvəlki kimi yerindədir".

Ekspert qeyd etdi ki, müəllimlik, tibb, hüquq, sosiologiya, daha çox müraciət edilən sahələrdir.

"Eyni zamanda, yeni dövrün tələblərinə uyğun olaraq, İT texnologiyalarına uyğun olan informasiya mühəndisliyi, kompüter mühəndisliyi və s. bu kimi ixtisaslara ildən-ilə maraq artmaqdadır. Düşünürəm, istənilən halda hər bir abituriyent arzuladığı ixtisas üzrə ali məktəbə sənəd verməlidir. O ixtisas üzrə oxumalıdır ki, gələcəkdə millətə, dövlətə yararlı bir kadr olsun. Abituriyentlərə tövsiyə edərdim ki, sadəcə ali məktəbə daxil olmaq adı ilə deyil, özlərini hansı peşədə, sahədə görürlərsə, məhz həmin ixtisaslar üzrə sənəd versinlər", - deyə E.Qafarov bildirdi.

Aytəkin TOFİQQIZI