"Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər"

 14:22 06.06.2025     508

"Ekspertlərlə keçirilən müzakirələrdən sonra nəhayət ki, Dövlət İmtahan Mərkəzi bəzi sualların səhv tərtib olunduğunu etiraf etdi. Bu, bir tərəfdən gec də olsa doğrunun qəbul edilməsi baxımından müsbət haldır. Amma digər tərəfdən, bu hadisə DİM-in imicinə daha bir zərbə vurdu".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun fikrincə, minlərlə abituriyentin taleyini müəyyən edən bir imtahanda bu cür ciddi səhvlərin olması nəinki peşəkarlıq, heç vicdan baxımından da izah oluna bilməz:

"Cəmiyyətin, medianın, sosial şəbəkə fəallarının təzyiqi olmasaydı, görəsən bu səhvlər etiraf olunacaqdımı?

Bu hadisə göstərdi ki, indiki sistem etibarsızdır. Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər. Bu isə gələcəyimizi etibar etdiyimiz təhsil sisteminin etimad böhranı yaşadığını sübut edir".

M.Məmmədli hesab edir ki, yeni bir modelə ehtiyac var.

"İmtahan sisteminə köklü islahatlar, şəffaflıq və ictimai nəzarət vacibdir. Texniki və elmi əsaslandırmaya söykənən, eyni zamanda insan faktorunu nəzərə alan bir sistem qurulmalıdır. Çünki bu sadəcə imtahan deyil, minlərlə gəncin gələcəyidir!", - deyə o vurğulayıb.

Xatırladaq ki, ötən gün Məleykə Abbaszadənin iştirakı ilə Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib.  Daha sonra DİM tarix fənnindən suallardan birinin səhv tərtib olunduğu etiraf edilib.

Turan İSMAYIL