Şəms imtahandakı uğurunun sirrini açdı: "Uzun müddət fasiləsiz oxumaqdansa..."

 13:28 07.06.2025     595

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən 9 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onların arasında Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Şəms Musayeva da var.

Redaktor.az Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə istinadla Şəmslə motivasiya dolu müsahibəni təqdim edir:

- İmtahanda maksimum nəticə topladığını eşidəndə nə hiss etdin?

- Çox sevindim! Çəkdiyim zəhmətin bəhrəsini görmək məni həm sevindirdi, həm də qürurlandırdı.

- Bu nəticəni gözləyirdin?

- Bəli. Onsuz da bu nəticəyə çatmaq üçün çalışırdım. İmtahandan çıxanda bütün sualları düzgün cavablandırdığıma əmin idim.

- Gündəlik dərs rejimin necə idi?

- Dərslərimi planlı şəkildə oxumağa çalışırdım. Vaxtımdan səmərəli istifadə edirdim. Tapşırıqların çoxluğuna görə rejimim dəyişirdi. Uzun müddət fasiləsiz oxumaqdansa, arada qısa istirahətlər edirdim ki, diqqətim yayılmasın.

- Sənə ən çətin gələn fənn hansıdır və onun öhdəsindən necə gəldin?

- Əslində fənn olaraq xüsusi çətinlik çəkməmişəm. Bəzən bəzi mövzularda çətinlik olurdu, o zaman müəllimlərimə müraciət edir, suallarımı onlarla birlikdə həll edirdim.

- Səni bu uğura aparan əsas motivasiya nə idi?

- Valideynlərimin təhsildə uğurlu olmaları məni həmişə motivasiya edib. Onların yolunu davam etdirmək istədim.

- Ailənin və müəllimlərinin bu uğurda rolu nə qədər böyükdür?

- Çox böyükdür. Onların dəstəyi və inamı məni bu günə gətirdi. Mən də onların ümidlərini doğrultduğum üçün sevinirəm.

- Səni ən çox dəstəkləyən şəxs kim olub?

- Ən böyük dəstəkçim anam olub. Onun mənə verdiyi güvən və inam bu yolda mənə həmişə stimul verib.

- Gələcəkdə hansı peşəni seçmək istəyirsən?

- Həkim olmaq istəyirəm. İnsanlara kömək etmək, onların sağlamlığına fayda vermək mənim üçün çox önəmlidir.

- Bu uğur sənə gələcəkdə hansı qapıları aça bilər?

- Bu uğur göstərir ki, məqsədimə ciddi yanaşıram. İnanıram ki, qazandığım biliklər gələcəkdə bir çox fürsətlərin açılmasına kömək edəcək.

- Sənin kimi uğur qazanmaq istəyən şagirdlərə nə məsləhət verərdin?

- Əsas odur ki, heç vaxt ruhdan düşməsinlər. İmtahan nəticəsi önəmlidir, amma uğur təkcə balla ölçülmür. Uğursuzluq belə bizə nəsə öyrədir. Sadəcə doğru nəticə çıxarıb, daha da əzmlə çalışmaq lazımdır.

- Səncə uğurunun sirri nədir?

- Məncə, uğura aparan yol 3 mərhələdən ibarətdir: istəmək, inanmaq, çalışmaq. Əgər insan istəyirsə, inanırsa və çalışırsa, uğur gec-tez mütləq gəlir.

- Ən çətin anlarda belə motivasiyanı necə qoruyurdun?

- Hər zaman düşünürəm ki, bu gün mənim əsas vəzifəm elm öyrənməkdir. İşimi – yəni dərs oxumağı vicdanla yerinə yetirmək mənə güc verir. Bu düşüncə məni ruhdan salmağa qoymur.

Redaktor.az