"Azərbaycandakı universitetlərin heç birinin düz-əməlli yataqxanası yoxdur" - Məzahir Məmmədli

Dövlət İmtahan Mərkəzi 2024-2025-ci tədris ilinə aid "Abituriyent" jurnalının 12-ci sayını dərc edib. Jurnalda 14000 ətrafında tələbənin təhsilinin dayandırıldığı bildirilib.
Bəs tələbələrin təhsillərinin əsas dayandırılma səbəbləri nələrdir?
Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən 51 universitetdən 7-si xüsusi təyinatlıdır:
"Xüsusi təyinatlıları saymasaq, yerdə qalan universitetlərin son vaxtlar qəbul olan tələbələri 100 faizlə məzun olurdular. Bir neçə il öncə universitetlərdən biri hesabat dövründə bildirmişdi ki, qəbul olunan tələbələrimizdən 7-si məzun ola bilməyib. Universiteti ciddi qınaq atəşinə tutdular ki, bu hansı səviyyəli universitetdir, tələbələr hamısı məzun ola bilməyib. Amma dünya təcrübəsi bir az fərqlidir. Dünya təcrübəsi onu göstərir ki, qəbul olunanların hamısı məzun ola bilmir. Hansısa səbəbdən təhsili dayandıranlar, başqa işlə məşğul olanlar və yaxud çatdıra bilməyib yarımçıq qoyanlar var.
Bizdə 14 min tələbənin universiteti yarımçıq qoyması təkcə sadaladığım səbəblərdən deyil. Bunların əksəriyyəti maddi imkansızlıq ucbatından, yaşayış minimumunun imkan verməməsi səbəbindəndir. Azərbaycandakı universitetlərin heç birinin düz-əməlli yataqxanası yoxdur".
Ekspertin sözlərinə görə tələbələrin əksəriyyəti kirayədə qalır.
"Azərbaycan 2008-ci ildən Boloniya sisteminə qoşulub. Ali təhsil müəssisələri hələ də ənənəvi sistemlə işləməyə davam edirlər. Qayıb limiti deyilən bir şey var. Fənlərdən qayıb limiti keçilibsə, həmin tələbə imtahanlara buraxılmır. Tələbəni universitetdən xaric edirlər ki, imtahan zamanı üzərindən əlavə vasitələr tapılıb. Bu kimi absurd məsələlər də var, amma eyni zamanda tədrisini müvəffəq başa vurmayan tələbələr də var. Səbəblər çoxdur. Hesab edirəm ki, universitetə qəbul olub bitirməmək universitetin problemi deyil", - deyə M.Məmmədli əlavə etdi.
Aytəkin TOFİQQIZI