"Düzgün ixtisas seçimi cəmiyyətin inkişafına da böyük töhfə verir" - Psixoloq

 17:44 10.06.2025     836

"İxtisas seçimi insanın həyat məmnunluğuna, şəxsiyyətinin inkişafına və psixi sağlamlığına təsir edən ən kritik qərarlardan biridir. Bu prosesdə gənclərin qərar vermə prosesinə təsir edən ən mühüm amillərdən biri də ailədir".

Bu fikirləri Redaktor.az-a psixoloq İlkanə İmran abituriyentlərə ixtisas seçimi zamanı edilən təsirlərdən danışarkən bildirdi.

"Ancaq ailənin bu prosesə yanaşması hər zaman eyni olmaya bilir. Bəzi ailələr bu prosesdə dəstəkləyici və ya yönləndirici rol oynasalar da, bəzi ailələr tam tərsinə müdaxiləedici, məcburedici rol oynayır.

Dəstəkləyən, yönləndirən ailələr uşaqlarının maraqlarına, istedadlarına və dəyərlərinə hörmət edir və onlara özlərini kəşf etmək imkanları yaradır. Belə ailələr övladlarını mühakimə etmədən dinləyir, fikirlərinə yön verir, həvəsləndirir, lakin seçim hüququnu uşağa buraxır. Bu yanaşma fərdin daxili motivasiyasını artırır, özünə inamını artırır və peşəkar məmnunluğunu dəstəkləyir.

Müdaxilə edən ailələr isə çox vaxt öz dəyərlərini, gözləntilərini və ya qorxularını əsas tutaraq uşağın seçimində tətbiq edir və buna uyğun seçim etməsini istəyirlər. Bu münasibətdə ailə qərarını özü övladına diktə edir, gəncin fikirlərini nəzərə almır, maddi məsələləri və ya sosial status kimi xarici amillər əsas yer tutur. Bu yanaşma fərdin özünü dəyərləndirməsini aşağı sala, qərar qəbul etmədə asılılıq yarada və gələcəkdə peşəsindən narazılıq hissi duymasına səbəb ola bilər".

Müsahibimiz bildirdi ki, peşə seçərkən insanın özünü, maraqlarını, qabiliyyətlərini, güclü və gücsüz tərəflərini bilməsi və onları düzgün qiymətləndirməsi vacibdir.

"Uşaq ilk olaraq “hansı peşəni seçsəm uğur qazanaram” sualına cavab verməlidir. Valideynlərin, ətrafdakıların istəkləri və ya sosial təzyiqindən daha çox uşağın sevdiyi və arzuladığı peşə, meyilli olduğu peşə nəzərə alınmalıdır. Bir sözlə, uşaqlar məktəb həyatında və peşə seçimlərində tək qalmamalıdırlar. İstedadlarını kəşf etmələri üçün təşviq olunmalı və xoşbəxt olacaqları həyat tərzi baxımından dəstəklənməlidir. Başqa sözlə ailələr övladlarının seçim prosesində “qərar verən” deyil, “rəhbər” rolunu öz üzərinə götürməlidirlər. Gənc fərdlərə özlərini tanımaq, güclü tərəflərini kəşf etmək və öz seçimlərini etmək üçün fürsət verilməsi onların həm psixoloji möhkəmliyini, həm də həyatdan məmnunluğunu artıracaqdır.

Düzgün edilmiş ixtisas seçimi yalnız fərdin özünün deyil, eyni zamanda cəmiyyətin inkişafına da böyük töhfə verir", - deyə İlkanə İmran vurğuladı.

Aytəkin TOFİQQIZI