"Cavabların qeyri-şəffaf, qeyri-peşəkar yoxlanılmasından narahat olmalıyıq" - Təhsil eksperti

Bildiyimiz kimi, hazırda universitetlərdə imtahan sessiyası keçirilir. Bəzi universitetlərdə isə verilən imtahanların cavabları gec açıqlanır. Bunun səbəbi nədir və bununla tələbələr şikayətlərini kimə bildirməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, yerli ali təhsil müəssisələrində sessiya imtahanları iki formada keçirilir: yazılı və test.
"Testologiya prinsipləri əsasında keçirilən imtahanlar onlayn qaydada aparılır və bu məlum qəbul qaydası ilə tələbə adını qazanan gənclər üçün daha əlverişlidir. Onlar bu formaya həm psixoloji, həm də praktiki olaraq çox hazırlıqlıdırlar. Üstəlik, onlayn qaydada verilən imtahanların nəticələri də tez bir zamanda məlum olduğu üçün tələbələrin bu forma ilə bağlı hər hansı şikayətləri olmur. Cavabların gec açıqlanması, yoxlamaların ləng həyata keçirilməsi daha çox yazılı formada keçirilən imtahanlarla bağlıdır. Amma bunun o qədər də ciddi problem kimi qəbullanmasının tam əleyhinəyəm".
Ekspert qeyd etdi ki, imtahanları yazılı formada yoxlanıldığı zaman əsasən onun yoxlama sürətinə deyil, prosesin şəffaflıq və peşəkarlığına daha çox diqqət ayrılmalıdır.
"Yoxsa, “cavablar niyə gec açıqlandı?”, “başqa universitetlərdə bir günə olduğu halda, bizdə niyə 3 günə bilindi?” kimi sualları və iradları açığı çox da ciddi hesab etmirəm. Tələbə nigaranlığını anlayıram - hər birimiz o yoldan keçmişik, - amma cavabların bir, yoxsa, bir neçə günə açıqlanması nəyi dəyişdirəcək ki?! Bir daha təkrar edirəm, bundan yox, cavabların qeyri-şəffaf, qeyri-peşəkar yoxlanılışından daha çox narahat olmalıyıq.
İnanaq ki, universitetlərimiz məhz bu aspektdən işlərini daha yüksək səviyyədə həyata keçirəcəklər. Yazılı sualların əslində, bir yox, bir neçə müəllimdən keçməsi daha təqdirəlayiqdir. Bildiyim qədər, bu metod yalnız mübahisəli məsələlərdə, yəni cavablandırmalar zamanı mübahisə doğuran mexanizmlərdə tətbiq olunur. Təklif edərdim ki, hər yazılı tapşırığa verilən cavabların dəyərləndirilməsi hər dəfəsində bir yox, bir neçə müəllim tərəfindən aparılsın. Bu, işin keyfiyyətinin daha da yaxşılaşmasına səbəb olar. Bu, bir tərəfdən əlavə resursa və yoxlama üçün daha çox zamana ehtiyac yaratsa da, keyfiyyətin artırılması üçün çox vacibdir. Çünki hazırda bizim tələbələrə daha sürətli cavablamalardan çox, daha şəffaf və daha keyfiyyətli nəticələr lazımdır",- deyə Elmin Nuri vurğuladı.
Xədicə BAXIŞLI