Dərsliklərdə yeniliklər olacaq? - RƏSMİ AÇIQLAMA

 16:10 11.06.2025     331

Növbəti tədris ilinin dərsliklərində hansı yeniliklərin edildiyinə aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə İctimai TV-nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, çapı nəzərdə tutulan 311 adda dərslikdən 49-u üzrə məzmun təkmilləşdirilməsi və ya yenilənməsi həyata keçirilib.

Belə ki, dərsliklər ümumi təhsil müəssisələri üçün fənlər üzrə təhsil proqramları (kurikulumları) əsasında hazırlanır. Həmin təhsil proqramları yeniləndiyi və ya digər səbəblərdən dərslik istifadəyə yararlılığını itirdiyi zaman onun yenidən hazırlanması və ya təkmilləşdirilməsi həyata keçirilir.

Növbəti tədris ili üçün hazırlanmış dərslik layihələri yenilənmiş təhsil proqramlarına (kurikulumlara) cavab verməklə, təhsildə və elmdə baş vermiş yenilikləri özündə ehtiva edir.

Yuxarıda da qeyd edildiyi kimi, dərsliklərin yenilənməsi üçün təhsil proqramlarının (kurikulumlarının) yenilənməsi və ya elmi və rəsmi təsdiqini tapmış yeni məlumat və materialların dərslikdə öz əksini tapması zərurəti yaranmalıdır.

Qeyd etmək istəyirik ki, ümumi təhsil pilləsi üçün hazırlanacaq dərsliklərdə hər hansı xüsusi yeniliklər nəzərdə tutulduğu təqdirdə, bu barədə əvvəlcədən ictimaiyyətə məlumat verilir.