İsveç və Finlandiyada belə müəllim dərhal işdən çıxarılır, cinayət işi açılır, bizdə isə... - AÇIQLAMA

"112 nömrəli məktəbdə ibtidai sinif müəlliminin şagirdin ağzını "skoçla bağlaması hadisəsi həm pedaqoji, həm də hüquqi baxımdan ciddi şəkildə qəbuledilməz və zərərli davranış nümunəsidir. Bu cür davranış təkcə müəllimin etik sərhədləri aşması deyil, eyni zamanda uşaq hüquqlarının pozulması, psixoloji travmanın yaranması və məktəbin təhlükəsiz mühit statusunun zədələnməsi deməkdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhəri 112 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı danışarkən bildirdi.
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsində müəllimin əsas vəzifələri sırasında “şagirdlərin ləyaqətini qorumaq, onların psixoloji və fiziki təhlükəsizliyini təmin etmək, şəxsiyyətinə hörmətlə yanaşmaq” kimi müddəalar açıq şəkildə göstərilib. Müəllim tərəfindən fiziki və ya psixoloji zorakılığa yol verilməsi, xüsusilə ibtidai sinif yaşında olan uşaq üçün, onun gələcək inkişafına, məktəbə münasibətinə və sosial emosional tarazlığına ciddi mənfi təsir göstərə bilər. Bu yaş dövründə uşaqlar müəllimə tam güvən duyaraq, onu birinci sosial avtoritet kimi qəbul edirlər. Belə bir zorakı davranış bu güvənin sarsılması, qorxu, utanc və travma ilə nəticələnə bilər.
Digər tərəfdən, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 19-cu maddəsinə əsasən, hər bir uşağın fiziki və psixoloji zorakılıqdan, qəddar və insan ləyaqətini alçaldan münasibətdən qorunmaq hüququ var. Uşağın ağzını "skoç"la bağlamaq kimi davranış isə sadəcə etik deyil, həm də hüquqi baxımdan cinayət məsuliyyəti doğura biləcək bir hərəkətdir. Bu tip hadisələrə hüquqi orqanlar tərəfindən araşdırma aparılmalı və qanunvericiliyə uyğun olaraq adekvat tədbirlər görülməlidir".
Ekspert qeyd etdi ki, müəllimin belə davranışını bəzən “intizam yaratmaq cəhdi” kimi təqdim etməyə çalışanlar olsa da, bu, tamamilə yanlış və təhlükəli yanaşmadır.
"Pedaqogika zorakılığı deyil, əməkdaşlıq və empatiya üzərində qurulmalıdır. Davranış pozuntularının qarşısı ancaq şagirdlə açıq ünsiyyət, psixoloq dəstəyi, valideynlərlə koordinasiya və müasir təlim-tərbiyə metodları ilə alına bilər. Fiziki müdaxilə və ya zor tətbiqi məktəb mühitini etimadsız və travmatik yerə çevirir, bu isə son nəticədə həm müəllim, həm məktəb, həm də ümumi təhsil sistemi üçün etibar itkisinə səbəb olur.
Dünya təcrübəsində bu cür hallara ciddi yanaşılır. Məsələn, İsveçdə və Finlandiyada müəllim tərəfindən uşağa qarşı fiziki və ya psixoloji zorakılıq halları aşkarlandıqda, müəllim dərhal vəzifədən uzaqlaşdırılır və müstəqil psixoloji və hüquqi araşdırma aparılır. Bu ölkələrdə müəllim-pedaqoq kodeksləri, həmçinin etik şuralar belə hadisələrə “tolerans sıfır” prinsipilə yanaşır".
K.Əsədovun sözlərinə görə, bu, hadisə göstərir ki, Azərbaycan təhsil sistemində yalnız proqram və imtahan məsələləri deyil, məktəb mühitinin psixoloji təhlükəsizliyi və müəllimlərin etik-pedaqoji hazırlığı da diqqət mərkəzində olmalıdır.
"İxtisasartırma kursları və pedaqoji təlimlər sadəcə fənn bilikləri ilə deyil, uşaqlarla ünsiyyət, psixoloji davranış, stressin idarə olunması kimi vacib sahələrlə zənginləşdirilməlidir. Həmçinin məktəblərdə psixoloqların rolu artırılmalı, valideyn və müəllimlərlə davranış yönümlü seminarlar mütəmadi keçirilməlidir.
Bu hadisə ictimai qınaqdan daha çox sistemli dəyişiklik və məsuliyyət mexanizmlərinin yaradılmasını tələb edir. Uşaq hüquqları hər bir vətəndaş və dövlət üçün prioritet olmalıdır. Müəllim isə bu hüquqların qoruyucusu olmalı, zərərvuran tərəf olmamalıdır. Əks təqdirdə, müəllim imicinə, məktəb mühitinə və gələcək nəsillərə bərpası çətin olan zərbə vurulmuş olur",- deyə ekspert vurğuladı.
Xədicə BAXIŞLI