Bu tələbələrə təhsil haqqı məbləğində güzəşt tətbiq oluna bilər - AÇIQLAMA

"Son illərdə ali təhsil müəssisələrinə 50-55 min tələbənin qəbulu həyata keçirilir. Çox təəssüflər olsun ki, bəzi hallarda təhsil haqqını ödəyə bilməyən şəxslər təhsillərini dayandırmalı olurlar və yaxud da ixtisas ürəklərincə olmur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi təhsilini yarım qoyan tələbələrdən danışarkən bildirdi.
"Sırf maliyyə məsələsindən baxsaq, bunun üçün dövlət tərəfindən müvafiq proqramlar hazırlanır. Təsadüfi deyil ki, bir neçə il öncə dövlət başçısının müvafiq sərəncamı əsasında Təhsil Tələbə Krediti Fondu yaradılıb. Bu fond tələbələr üçün münasib və əlçatan imkanlar təqdim edir. Bu fond vasitəsilə bir çox tələbə kredit əldə edib, onun hesabına təhsil haqqını ödəyir. Universiteti bitirdikdən sonra götürdüyü krediti geri qaytarmalı olur. Bu kimi kredit maliyyələşməsi məsələsi tələbələr üçün təhsilin əlçatanlığı baxımından uğurlu layihədir", - deyə o, qeyd etdi.
Elçin Əfəndinin fikrincə, paralel olaraq dövlət tərəfindən özəl sahibkarlıq istiqaməti dəstəklənərsə, özəl sahibkarlıq da tələbələrə müəyyən kredit ayıra bilər:
"Xüsusi imtiyazlı ailələr var, amma sosial həssas qrupa daxil ola bilmirlər. Məsələn, tələbə bir valideynini itiribsə, təhsil baxımından müəyyən güzəştlərin tətbiqi ona əlavə stimul verər. Ailə gəlirləri minimum əməkhaqqının altında olan şəxslər üçün ən azından müəyyən güzəştlər tətbiq oluna bilər. Bu, ən azından təhsilini yarım qoyanların sayını 5-6 minə sala bilər".
Ekspert sonda əlavə etdi ki, şəxslər qəbul zamanı həmçinin düzgün ixtisaslar seçməlidirlər ki, sonradan təhsillərindən imtina etməsinlər.
Aytəkin TOFİQQIZI