Sertifikasiyadan keçən müəllimlərin maaşı belə artırılsın - Ekspertdən TƏKLİF

Sertifikasiya imtahanının nəticəsinə əsasən 50 faiz nəticə göstərən müəllim ilə 80 faiz nəticə göstərən müəllimin əmək haqqına 10 faiz əlavənin ədalətli olmadığını bildirən ekspertlər var.
Bəs bu cür artım ədalətlidirmi? Başqa hansı üsulla artım həyata keçirilə bilər?
Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, müsabiqə ballarının nəzərə alınmaması ədalətsizlikdir:
"Ümumiyyətlə, təklif edirik ki, hər bala görə uyğunlaşdırılma edilsin. 30 bal toplayanın əməkhaqqısı 30 bala görə, 50 bal toplayanın 50 bala, 60 bal toplayanın isə 60 bala uyğun əməkhaqqısı artırılsın. Belə olarsa, əməkhaqqının artırılması daha ədalətli olar. Beynəlxalq təcrübəyə də baxsaq, görərik ki, sertifikasiyadan keçmiş şəxslərin mərhələli formada maaşlarının artırılması mövcuddur. Bunu illərdir deyirik, ekspert yoldaşlar da çox doğru deyirlər. Əməkhaqqının stimullaşdırılmasında ciddi qüsur var. Görünən odur ki, bu, sertifikasiyada da belə olacaq. Gələn sertifikasiya 2027-ci ildən başlayır. Yəqin ki, həmin vaxt yol verilmiş düzgün olmayan, ədalətsiz qərar aradan qaldırılacaq. Təklif edirəm ki, hər bala görə əmsal müəyyən edilsin. Əmsala uyğun olaraq sertifikasiyadan keçən şəxslərin əməkhaqları stimullaşdırılsın", - deyə ekspert bildirdi.
Aytəkin TOFİQQIZI