DİM 2-3-cü qrupların nəticələri ilə bağlı statistikanı ictimaiyyətlə bölüşsün - TƏKLİF

 19:37 11.06.2025     1363

2-3-cü qrupların nəticələri ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ümumi statistikanı ictimaiyyətlə bölüşsün.

Redaktor.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Ramin Nurəliyev çıxış edib.

O, hesab edir ki, DİM statistikanı rəsmi şəkildə paylaşmalıdır:

"Baxaq görək 25 mayda keçirilən və ictimaiyyət tərəfindən etirazla qarşılanan, amma DİM tərəfindən müdafiə olunan sualların səviyyəsi hansı vəziyyətdədir? Həqiqətən abituriyentlər və müəllimlər haqlıdır, yoxsa DİM? Baxaq görək müsabiqə şərtlərini ödəmiş abituriyentlərin sayı nə qədərdir? Keçən ilki statistika ilə builki arasında nə qədər fərq var?"

R.Nurəliyev xatırladıb ki, DİM imtahanın çətin olmadığını qeyd edirdi və bu istiqamətdə özünü müdafiə edirdi:

"Düşünürəm ki, haqlı çıxmaq üçün bundan gözəl təklif olmaz".

Qeyd edək ki, bu gün DİM II və III ixtisas qrupları üzrə mayın 25-i keçirilmiş qəbul imtahanının nəticəsini açıqlayıb.

Turan İSMAYIL