"İxtisas seçimi zamanı xaosun şahidi ola bilərik" - Elmin Nuri

 20:30 12.06.2025     842

25 may tarixində II və III ixtisas qrupları üzrə keçirilən birinci cəhd blok imtahanlarının nəticələri açıqlanıb. Lakin buraxılış imtahanından 300 bal toplayanlar arasında qəbul imtahanında 400 bal toplayan yoxdur.

Bəs bunun əsas səbəbi nədir?

Redaktor.az-a mövzu ilə bağlı açqlamasında təhsil eksperti Elmin Nuri bildirdi ki, buraxılış imtahanlarından 200 bala qədər nəticə göstərən bəzi tələbələrin blok imtahan nəticəsi 100, hətta 50 baldan az olub.

"Müşahidə, müraciət və sosial şəbəkələrdən aldığım informasiyalara görə əksər abituriyentlərin topladıqları ballar gözləntilərin tam əksinə olsun.  Doğrudur, blok imtahanlarının buraxılışa nisbətdə çətin olacağını əvvəlcədən desək də, bununla bağlı müəyyən proqnozlar versək də, durumun reallığı bizi də məyus etdi. Açığı, fərqin bu qədər də olacağını, bir neçə ay bundan əvvəl 60-70%-lik nəticə göstərənlərin indi 10-15% aralığındakı göstəriciləri təəssüfləndirici haldır. Birinci cəhd blok imtahanlarında sualların bu dərəcədə çətin salınmasına heç gərək yox idi", - deyə o vurğuladı.

Elmin Nuri qeyd etdi ki,  imtahanı həyata  keçirən və sualları, test tapşırıqlarını tərtib edən qurum - Dövlət İmtahan Mərkəzi tədris proqramından, məktəblər üçün nəzərdə tutulan kurikulumun məzmun standartlarından kənara çıxmır.

"Amma bir məsələyə də diqqət ayıraq, hazırkı tədris prosesi həmin standartların tələblərinə nə dərəcədə cavab verir? Təbii ki, burada cavab birmənalı olmayacaq! 
Buraxılış imtahanlarında artıq ikinci ildir ki, bu nüans nəzərə alındığı üçün ötən il 53, bu il isə 43 abituriyent 300 bal toplamaqla maksimal nəticəni qazandı. Amma blok imtahanlarında hər iki cəhd və bütün ixtisas qrupları üzrə maksimal nəticə (400 bal) göstərənlərin sayı cəmi 2 nəfər oldu. Eyni hal dünən də yaşandı, yalnız iki abituriyent maksimal nəticə göstərmiş oldu. 

Düşünürəm ki, ikinci cəhd blok imtahanları birinci cəhd qədər öz mürəkkəbliyi ilə seçilməyəcək. Müəyyən dərəcədə də olsa, burada sualların təqdimatında yumşalmanın şahidi olacağıq. Bəli, testologiyanın da öz prinsipləri, sualların ağırlıq dərəcələrinə görə tarazlıq faizləri var. Uzun illərin imtahan təşkil edən qurumu kimi DİM bu peşəkarlığı əla səviyyədə həyata keçirmək qabiliyyətindədir. Əks halda, birinci cəhddəki ağırlıq olacağı təqdirdə ixtisas seçimi zamanı xaosun da şahidi ola bilərik", - deyə təhsil eksperti bildirdi.

Aytəkin TOFİQQIZI