Bu müəllimlər elektron sistemdən xaric edilməlidir - Ekspertdən TƏKLİF

"Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına salınan sualların hazırlanmasında şəffaflıq baxımından sözsüz ki, yüksək fədakarlıq göstərir. Yəni, qəbul imtahanlarına salınacaq test tapşırıqlarının sızmasına, imtahana qədər kənara çıxmasına kiçik ehtimal da belə yoxdur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elmin Nuri DİM tərəfindən keçirilən imtahanlardan danışarkən bildirdi.
"Seçilmiş bunker müəllimlərə qoyulan tələblər, onlar tərəfindən sualların hazırlanması zamanı həyata keçirilən konfidensial tədbirləri yüksək qiymətləndirmək lazımdır. Bunker müəllimlər tərəfindən hazırlanan test tapşırıqlarının peşəkarlıq tələbləri də çox yüksəkdir. Səhv etmirəmsə, hazırlanan sualların özü də ayrı-ayrı müəllimlər tərəfindən yoxlanılır və yekdil qərardan sonra qəbul kitabçasında özünə yer etmiş olur. Bu müəllimlərin isə bir-birindən zərrə qədər də xəbəri olmur. DİM-in Elektron İmtahan Mərkəzində bu kimi proseslər yüksək səviyyədə həyata keçirilir.
Bütün bunlar öz yerində, amma az qala hər il bunker müəllimlər tərəfindən sualların tərtibində yanlışlığa yol verilir. Bu il birinci cəhd blok imtahanları zamanı bir neçə sualda yanlışığın şahidi olduq. İki sualın tərtibindəki xəta DİM-in özü tərəfindən etiraf edildi. Riyaziyyat fənninə aid olan bir sual tapşırığı isə ümumiyyətlə abituriyentlərin xeyrinə hesablanacaq. Amma məsələ bu deyil. Yanlış hazırlanan hər test tapşırığı abituriyentə bir yox, bir neçə istiqamətdə mənfi təsir edir. Birincisi, sualın həllində bir nəticəyə vara bilməyən abituriyent əlavə gərginlik yaşayır və o, daxilən zehni-psixoloji basqıya məruz qalır. Bu şüurlatı proses digər suallara keçid alanda da onu izləmiş olur. Nəticədə ziqzaqvarı bir proses yaranır, bir neqativlik arxasınca birini, bir yanlış gerisində daha birini gətirmiş olur. Bu isə xeyli bal itkisinə gətirib çıxarır. Sonda imtahan nəticələri elan edildikdə biz yalnız yekun balı görürük. Amma onu azaldan səbəblərdən abituriyentdən savayı kimsənin xəbəri olmur. Üstəlik, zaman itkisidir".
Ekspert vurğuladı ki, bir yanlış test tapşırığı abituriyentin xeyli zamanını almış olur.
"İmtahanda vaxtın nə dərəcədə önəmli olmasından isə danışmağa dəyməz. Bütün bunları nəzərə alaraq, sualları tərtib edən "bunkerlər"in üzərində çox böyük məsuliyyət olduğunu deyə bilərik. "Bunkerlər"ə belə hallarda tətbiq olunan cəza mexanizmi səhv etmirəmsə, DİM-in elektron sistemindən xaric edilmələridir. Onlar sistemdən xaric edildikdə bu imkanlarından məhrum olunur və yeniləri ilə əvəzlənirlər".
E.Nuri DİM-in pedaqoji kadrlarının sertifikasiya imtahanından keçirilməsi barədə təklifə də toxundu.
"Açığı, DİM-lə əməkdaşlıq edən pedaqoji kadrların buna görə ayrıca sertifikasiyadan keçiriləcəyi inandırıcı deyil. Yəni, bunun mexanizmi də bir az qaranlıq qalır. Çünki müəllim elə müəllimdir, biz onu DİM-lə işləyən, yaxud, ancaq məktəbdə dərs deyən kimi qruplara bölə bilmərik. Müəllim adını daşıyan hər kəs isə bir dəfə və nazirlik tərəfindən sertifikasiya olunur. Bəli, DİM-lə əməkdaşlıq edən bunker müəllimlərə sualların hazırlıq prosesi üçün şərtləri ağırlaşdırmaq olar, əlavə tədbirlər görmək olar. Bunun üçün tətbiqi əhəmiyyəti real olan təkliflər daha dolğun olardı. Sırf DİM-in cəlb etdiyi müəllimlərin sual tərtibi ilə bağlı sertifikasiyaya cəlbi açığı, mənə inandırıcı görünmür. Amma digər zəruri tədbirlərə ciddi ehtiyac var", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI