"Kimlərsə yüksək nəticə göstərəcək, kimlərsə zəif..." - Sertifikasiyadan gözləntilər

Qarşıdan gələn günlərdə müəllimlər üçün sertifikasiya imtahanları keçiriləcək.
Sertifikasiya imtahanlarından gözləntilər nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, sertifikasiya imtahanları müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təhsildə keyfiyyətin təmin olunması və müəllim əməyinin obyektiv dəyərləndirilməsi baxımından mühüm bir addımdır.
"Bu imtahanların keçirilməsini ümumilikdə müsbət dəyərləndirirəm və hesab edirəm ki, düzgün planlaşdırılıb, şəffaf şəkildə həyata keçirilərsə, təhsil sistemimizə çoxsaylı müsbət təsirlər göstərə bilər.
Bu proses təkcə bilik yoxlaması deyil, əslində müəllimin özünü peşəkar inkişaf yolunda sınaması, yeni tələblərə cavab verə bilib-bilmədiyini öyrənməsi üçün bir fürsətdir. Müəllimlər bu imtahanlara hazırlaşmaqla həm tədris metodlarını yenidən gözdən keçirir, həm də öz biliklərini möhkəmləndirirlər. Ən önəmlisi isə odur ki, bu cür proseslər müəllimlərin öz ixtisaslarına olan münasibətini daha məsuliyyətli və sistemli edir.
Gözləntilərim ondan ibarətdir ki, keçiriləcək imtahanlarda qiymətləndirmə meyarları aydın və şəffaf olacaq, nəticələr müəllimlərə yalnız rəy deyil, eyni zamanda dəstək üçün yol xəritəsi də təqdim edəcək. Əgər nəticələr əsasında konkret fərdi inkişaf planları, təlim proqramları və ya mentorluq mexanizmləri işə salınarsa, bu zaman sertifikasiyanın faydası yalnız bir dəfəlik yoxlama deyil, davamlı inkişaf üçün mühüm vasitəyə çevriləcək".
Ekspert qeyd etdi ki, bu mərhələdə müəllimlər arasında fərqliliklərin olması təbiidir.
"Kimlərsə yüksək nəticə göstərəcək, kimlərsə zəif nəticə. Bu, müəllimlərin zəif və güclü tərəflərini müəyyən etmək, ehtiyac duyulan sahələri ortaya çıxarmaq baxımından olduqca faydalıdır. Ən əsası isə odur ki, bu nəticələr cəza mexanizminə deyil, inkişaf və dəstək mexanizminə çevrilsin.
Bununla yanaşı, sertifikasiya prosesi təhsildə idarəetməyə də yeni baxış tələb edir. Çünki yalnız müəllim yox, məktəb rəhbərliyi və təhsil idarəetməsi də bu prosesə uyğunlaşmalıdır. Müəllimə qiymət verərkən, onu daha yaxşı nəticəyə aparacaq şəraiti yaratmaq da sistemin borcudur. Bu mənada, sertifikasiya nəticələri həm də məktəblərin daxili inkişaf planlarına istiqamət verməlidir.
Unutmamalıyıq ki, bu imtahanlar müəllimləri qiymətləndirmək üçün deyil, onları inkişaf etdirmək üçün vasitədir. Təhsildə islahat dedikdə, ilk baxışdan ciddi görünən bu addımlar əslində cəmiyyətin gələcəyinə edilən sərmayədir. Sertifikasiya düzgün istiqamətdə davam etdirilərsə, uzunmüddətli dövrdə həm müəllimlərin nüfuzu artacaq, həm də ümumi təhsil keyfiyyəti yüksələcək", - deyə Ə.Həsənli fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI