"Bütün müəllimlər sertifikasiya prosesinə cəlb ediləcək" - Elm və təhsil komitəsinin üzvündən AÇIQLAMA

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə qeyd edib ki, yaxın gələcəkdə məktəblərimizin demək olar ki, hamısında sertifikatlaşmış müəllimlər çalışacaq.
Bəs bütün fənlərdən sertifikasiya imtahanları təşkil oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirdi ki, bu proses bir müddətdir davam edir:
"Yəni indi başlanan proses deyil. Hədəf və məqsəd təhsilin, tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır. Bütün addımlar da bu istiqamətdə atılır. Məqsəd də gələcəyə doğru bütün müəllimlərin bu prosesə cəlb edilməsidir. Hər halda proseslər onu göstərir ki, əsas hədəf prosesin sona kimi bütün fənlər üzrə davam etdirilməsidir. Nəzərə almalıyıq ki, bu, yenilik deyil. Bu, qeyd olunduğu kimi, planın tərkib hissəsidir. İnanırıq ki, sertifikasiya prosesi daha savadlı müəllimlərin məktəblərdə çalışmasına, təhsilin keyfiyyətinin artmasına təsir göstərəcək", - deyə deputat vurğuladı.
Aytəkin TOFİQQIZI