Ekspertdən müəllim və şagirdlərin "TikTok" videolarına REAKSİYA: "Pis baxmıram"

"Mən "TikTok" və yaxud da digər platformalarda şagirdlərin müəllimlərlə, müəllimlərin şagirdlərlə etik davranış qaydaları çərçivəsində hər hansı trendlərə qoşulmasına mənfi baxmıram. Əgər bu, hər hansı bir elmlə, təhsillə bağlıdırsa, verilən tapşırıqla və ya dərslə əlaqəlidirsə, yaxud da cəmiyyəti müsbət addımlara təşviq edən bir trend hazırlayıb paylaşırlarsa, hansısa bir istiqamətdə müəyyən trendlərə qoşulurlarsa, buna pis baxmıram".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev müəllimlərlə şagirdlərin sosial şəbəkələrdə qoşulduğu trendlərə münasibətini bildirərkən dedi.
"Əlbəttə ki, bu trendlər həm etik, həm də ədəb-ərkan qaydaları çərçivəsində edilə bilər. Əvvəlki sovet cəmiyyətinin düşüncəsində "müəllimlə şagird hər hansı bir işi görə bilməz", "müəllim şagirdlə bəzi məsələləri edə bilməz" kimi anlayışlar mövcud idi. Məncə, bu, müasir texnologiya dövrünün tələbinə uyğun deyil", - deyə o bildirdi.
Ekspert qeyd etdi ki, bu dövrün tələbi texnoloji avadanlıqları düzgün işlətmə bacarığını həyata keçirməkdir:
"Təbii ki, bu bacarığı müəllim şagirddən öyrənirsə, müəllim şagirdlə hər hansı layihəni hazırlaya bilər. Bərabər hazırlayıb, bərabər yayımlaya bilər. Müsbət işlərdə bərabər addımlaya bilərlər. Mən bunu müsbət qiymətləndirirəm. Əlbəttə ki, etik davranışlar çərçivəsində.
Biz beynəlxalq təcrübəyə baxdığımızda da görürük ki, şagirdlərlə müəllimlər arasında isti münasibətin olması, şagirdin müəllimlə çəkdiyi trendin müsbət istiqamətdə həyata keçirilməsi həm şagirdin müəllimə olan sevgisini artırır, həm də müəllimin şagirdə olan diqqət və qayğısını çoxaldır.
Bu istiqamətdə atılan addımları qiymətləndirirəm və dəstəkləyirəm. Amma bunu da tövsiyə edərdim ki, trendləri müəllimlərlə şagirdlər, ali təhsil müəssisələrində isə tələbələrlə müəllimlər elm istiqamətində müsbət trendlər hazırlayıb davam etdirərlərsə, bu, çox gözəl bir yanaşma olar.
Mənfi çalarlara boyanmış hər hansı trendin isə tərəfdarı deyiləm" , - deyə Ramin Nurəliyev vurğuladı.
Xədicə BAXIŞLI