Sertifikasiya imtahanından narazı olanların NƏZƏRİNƏ! - Sabah saat 12-dən ...

 22:39 18.06.2025     947

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Bu barədə Redaktor.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib.

Test imtahanında 2 019 nəfər müəllim iştirak edib, 95 % davamiyyət qeydə alınıb.

Bildirilir ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Müraciətlərin qəbulu 19 iyul saat 12-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

“Bununla yanaşı, təəssüflə bildiririk ki, bəzən ayrı-ayrı sosial media platformalarında təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı reallığı əks etdirməyən, cəmiyyət arasında çaşqınlıq yaratmağa yönəlmiş bəzi qeyri-dəqiq məlumatlar paylaşılır. Bildirmək istərdik ki, bu kimi informasiyalar prosesin şəffaflığına və obyektivliyinə kölgə salmaq məqsədi daşıyır. Bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə və təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində aparılan bu mühüm islahata dəstək olmağa çağırırıq”, - Dövlət Agentliyindən bildirilib.