"Niyə bəzi illərdə məzunlarımız aşağı nəticə göstərir?" - Rəşad Qardaşov

Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə qəbul imtahanları ilə bağlı bildirib ki, Riyaziyyat fənni üzrə nəticələr aşağıdır.
İimtahan nəticələrinin aşağı olmasının səbəbi nə ola bilər: tədrisin səviyyəsi aşağıdır, ya həmin fənn üzrə imtahan sualları çətindir? Bu fənn üzrə nəticələrin yüksək olması üçün hansı dəyişkiliklər olmalıdır?
Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, DİM tərəfindən hazırlanan imtahan sualları 3 əsas istiqamətdə formalaşır:
"Asan orta, çətin. Sualların hazırlanmasında bu proporsionallıq mütləq gözlənilir və gözlənilməlidir. Klassik fənlərdən başqa bəzi yenilik tələb edən və zamanla ayaqlaşan fənnlər vardır ki, onların tədrisində hər zaman innovasiya və yeniliyə ehtiyac vardır. Lakin elə fənnlər vardır ki, onların məzmunu və əsas qayəsi dəyişmir. Bu zaman sual meydana çıxır ki, niyə bəzi illərdə məzunlarımız aşağı nəticə göstərir? Bu, təkcə təhsil sferasını deyil, bütünlükdə cəmiyyəti düşündürür. Əgər biz yüksək bal toplayan və yaxşı nəticə göstərən abituriyentlərə baxsaq hansı regionun və məktəbin uğurunu qeyd edəcəyik. Bu o demek deyil ki, hansı məktəbdə fənnlərin məzmununda dəyişiklik var. Xeyr, əsla? Bu zaman o fənni tədris edən və xüsusi bilik və bacarığa malik olan müəllim amilinin üzərində dayanmalı olacayıq".
Müsahibimiz qeyd etdi ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostika, sertifikasiya yoxlamalarının əsas səbəbi güclü, innovativ və dövrün tələblərinə cavab verən müəllimləri təhsil sferasında fərqləndirməkdir.
"Sertifikasiya zamanı müəllimlərin müəyyən əsas istiqamətlər üzrə fərqləndirilməsi həm peşə bacarığını artırmaq, həm də stimullaşdırmaq məqsədini güdür. Ona görə də müəllimlik peşəsinə dövlət qayğısının əsas səbəbi də budur. Ən peşəkar müəllimlərin, yüksək nəticə göstərən müəllimlərin istər paytaxda, istərsə də regionlarda, kənd yerlərində olması mütləqdir. Çünki təhsil bütün coğrafiyanı əhatə etməlidir", - deyə R.Qardaşov vurğuladı.
Aytəkin TOFİQQIZI