"Məleykə Abbaszadənin açıqlaması abituriyentlərə təhdiddir" - Məzahir Məmmədli

 12:46 19.06.2025     1432

"Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə verdiyi açıqlamada bildirir ki, 3-cü qrupda bal artımı olacaq. Bunu abituriyentlərə qarşı təhdid hesab edirəm. Çünki Dövlət İmtahan Mərkəzi bilməmiş deyil ki, bu il dövlət strategiyasına uyğun olaraq 5 min yer artırılıb".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Məzahir Məmmədli səsləndirib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə yüksək nəticə göstərənlər yoxdur.

"Bu halda balların aşağı düşəcəyi ehtimalı var. 1-ci cəhddə sualların çətin salınması onunla əlaqəli idi ki, 2-ci cəhd üçün daha çox abituriyent pul ödəyib imtahanda iştirak etsin. Dövlət İmtahan Mərkəzinin büdcəsi bu vəsaitlərlə təmin olunsun. DİM bir neçə ildir ki, publik hüquqi şəxsdir. Publik hüquqi şəxsə çeviriləndən sonra Dövlət İmtahan Mərkəzi bütün oyunlarını abituriyentlərin iradəsi üzərində qurub. Bu isə artıq ciddi narazılıqlara gətirib çıxarıb. Zaman göstərəcək. Yaxın həftələr ərzində apellyasiyada nələrin baş verdiyini müşahidə edəcəyik", - deyə M.Məmmədli əlavə edib.

Aytəkin TOFİQQIZI