"Emin Əmrullayev yuxuda gördüyünü Azərbaycan təhsilinə tətbiq etməyə çalışır"

Xəbər verdiyimiz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu fikir ilk dəfə səsləndirilmir:
"Bir neçə il bundan qabaq Elm və Təhsil Nazirliyi də brifinqlərin birində bu fikri səsləndirmişdir. Təhsillə bir bağı olmayan insanların təhsildə həlledici vəzifələrdə işləməsi faciədir.
Hətta Emin Əmrullayev çıxışlarının birində demişdi ki, biz yaxşı müəllimləri vəzifə verməklə itirmək istəmirik. Hələ sertifikasiyada yüksək bal toplamaq, müəllimin peşəkar olması demək deyil. Bu gün ən çox yüksək bal toplayan repetitor müəllimləridir. Problemin kökü buradadır. Biz pedaqoji işi daha yaxşı bilən, idarəetməni daha yaxşı bilən, məktəbə daha çox bağlılığı olan insanlardan, müəllimlər arasından sinif rəhbərlərini seçməliyik. Bu gün sertifikasiyada yüksək bal şərti qoymaq özü absurddur. Bu, bir daha qeyri-peşəkarlıq və qeyri-adiliyin göstəricisidir.
Sertifikasiyada müəllim peşəkarlığını düzgün olaraq ortaya çıxarma mexanizmi yoxdur. 60 sual verilir, 60 sualdan cəmi 10 sual metodikaya, müəllimin peşə sahəsinə aiddir. 50 sual da, təbii ki, fənlə bağlı olan sualdır. Fənnin tədrisi ilə bağlı yox, fənnin özü ilə bağlı olan sualdır. 10 sualla bu gün biz iştirak edən müəllimin peşəkarlığını yoxlamaq imkanımız yoxdur.
Bu gün də populist, qeyri-peşəkar yanaşma kimi, sertifikasiyada yüksək bal toplayanları biz ancaq direktor təyin edəcəyik demək yanlış yanaşmadır".
Ekspert qeyd etdi ki, bu, qanunvericilik tələblərinin pozulmasıdır.
"Bu gün məktəb direktoru olmaq üçün, 20 dekabr 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 nömrəli kollegiya iclasında qəbul edilmiş və 1 yanvar 2018-ci ildən qüvvədə olan Təhsil İşçilərinin Vahid Sorğu Kitabçasının VII fəslində konkret göstərilib ki, məktəb direktoru olmaq üçün pedaqoji təhsili olmalıdır, ali təhsili və 5 il pedaqoji stajı olmalıdır. Bu gün qanunvericilik bunu deyir. Emin Əmrullayev isə tamamilə fərqli bir şey deyir. Hər gün bu insanın yuxusuna düşən və yaxud da hansısa bir pubda oturub müzakirə əsasında beyninə nə batdısa, onu Azərbaycan təhsilinə tətbiq etməyə çalışır. Onsuz da Azərbaycan təhsili bərbad gündədir. Onsuz da Azərbaycan təhsili elə bir iflic vəziyyətə düşüb ki, Emin Əmrullayev Azərbaycanı elə çıxılmaz labirintə salıb ki, buradan çıxış yolu görsənmir. Ta ki, Emin Əmrullayev və onun "şərabçılıq, şəkər zavodunda" və təhsillə bağlı olmayan, ora yığdığı kadrlar Azərbaycan təhsilindən uzaqlaşmayınca, təhsil işçiləri təhsil sisteminə gətirilməyincə, bu düşdüyümüz ağır vəziyyətin çıxış yolunu görə bilmirik.
Bu da onun təhsildə növbəti şıltaqlığıdır və bu, qanunvericiliyə ziddir. Məsələ də budur ki, Emin Əmrullayev nə istəyir, təhsildə onu edir. Onun “bu istəkləri”, bu düşünülməmiş addımların nəticələrini, bədəlini Azərbaycan təhsil işçiləri, Azərbaycan təhsili və Azərbaycan xalqı ödəyir",- deyə Elşən Qafarov vurğuladı.
Xədicə BAXIŞLI