"“Keçid balı arta bilər” kimi açıqlamalar gənclərdə əlavə stres yarada bilər"

"Keçid ballarının müəyyən olunması Dövlət İmtahan Mərkəzinin inzibati qərarı ilə deyil, abituriyentlər arasında yaranan rəqabət əsasında formalaşır. Bu, cəmiyyətin, xüsusilə də abituriyentlərin və valideynlərin bəzən səhv anladığı və nəticədə emosional təhlillərə səbəb olan əsas məsələlərdən biridir. Məleykə Abbaszadənin “III ixtisas qrupu üzrə keçid balları arta bilər” fikri rəsmi qərar və ya əvvəlcədən planlaşdırılmış istiqamət deyil, sadəcə müşahidələrə əsaslanan ehtimallar çərçivəsində verilmiş bir açıqlamadır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda keçid ballarının artacağını deməsinə münasibət bildirərkən dedi.
"Bu cür fikirlər imtahan nəticələrinin gedişinə dair tendensiyaları izah etmək məqsədi daşıyır, lakin keçid balını süni şəkildə qaldırmaq və ya endirmək səlahiyyəti heç bir şəxsə və quruma aid deyil.
Ümumiyyətlə, keçid balı – müəyyən bir ixtisas üzrə dövlət sifarişi ilə ayrılmış yerlərin sayına və həmin ixtisası seçən abituriyentlərin topladığı balların bölgüsünə əsasən müəyyənləşir. Yəni balın aşağı və ya yüksək olması sırf sualların çətinliyi ilə deyil, həmin istiqamət üzrə rəqabətin intensivliyi ilə birbaşa əlaqəlidir. Əgər 2-ci imtahan mərhələsində iştirak edən abituriyentlər daha yüksək nəticə göstərirlərsə, bu zaman keçid balının artması tamamilə təbii və ədalətli bir nəticə hesab olunur. Həmin artım hansısa inzibati müdaxilənin deyil, statistik bölgünün məhsuludur.
Maraqlı və bir qədər də təəssüf doğuran hal isə odur ki, bəzi abituriyent və valideynlər bu məsələdə məsuliyyətin istiqamətini yanlış tərəfə yönəldir. Məsələn, 1-ci cəhdin çətin olduğunu əsas gətirərək keçid balının artırılmasının “haqsızlıq” olduğunu iddia edirlər".
Ekspert qeyd etdi ki, imtahan prosesində yalnız fərdi çətinlik hissi deyil, bütün iştirakçıların nəticələri nəzərə alınır.
"Əgər 1-ci mərhələdə çətinlik daha çox iştirakçının nəticəsinə təsir edibsə, bu artıq ümumi nəticə bölgüsündə əks olunur. Yəni sistem hər bir mərhələnin balansını öz içində tənzimləyir və hər iki cəhddə topladığı ən yüksək bal abituriyentin yekun balı kimi qəbul olunur. Belə olan halda sistemin ədalətli işləmədiyini iddia etmək üçün əsas qalmır.
Eyni zamanda, abituriyentlərə yönəlik açıqlamaların zamanlaması da diqqətlə nəzərdən keçirilməlidir. İkinci cəhdə sayılı günlər qalarkən “keçid balı arta bilər” tipli açıqlamalar, istər-istəməz bəzi gənclərdə əlavə təzyiq, stres və neqativ psixoloji təsir yarada bilər. Bu da onların real potensialını göstərməsinə əngəl törədə bilər. Ona görə də imtahanların ədalətliliyi ilə yanaşı, kommunikasiya siyasəti də həssas və məsuliyyətli şəkildə qurulmalıdır.
Nəticə olaraq, hər bir abituriyent bilməlidir ki, imtahan nəticəsində uğur qazanmaq yalnız imtahanın asan və ya çətin olmasından deyil, həmin ixtisas üzrə formalaşan ümumi rəqabətdən asılıdır. Bütün namizədlər eyni şərtlərdə iştirak edir və sistem yekunda daha yüksək nəticə göstərənləri önə çıxarır. Bu isə təhsil sistemində obyektivliyin və şəffaflığın təmin olunmasının əsas təminatlarından biridir", - deyə Əmrah Həsənli bildirdi.
Xədicə BAXIŞLI