Bu müəllimlər həm məktəb direktorları seçiləcək, həm də ... - Məzahir Məmmədli

Xəbər verdiyimiz kimi, MÜTDA rəsmisi Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində nəzərə alınacağını bildirib.
Redaktor.az-a mövzu ilə bağlı danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, N.İsmayılbəylinin dediyi fikirlərdə müəyyən qədər həqiqət var.
"Ümumiyyətlə, biz məktəb direktorlarını müəyyən qədər savadlı, bilikli və bacarıqlı görmək istəyirik. Çünki öz peşəsini, öz ixtisasını bilməyən məktəb direktoru bir başqasına nümunə ola bilməz. Bu kimi addımlar üçün hələ gecikmişik. Məncə, zamanında bacarıqlı, bilikli müəllimlər arasından direktorlar seçilməli idi. Amma test üsulu ilə seçilən direktorların çoxu təyinatdan sonra özlərini doğrulda bilmədilər. Mənə elə gəlir ki, təcrübədən çıxış edərək deyirlər ki, müəyyən sahələr üzrə biliyi, bacarığı olan müəllimlərin arasından seçilməlidir. Ümid edək ki, bu imtahanlarda yüksək nəticə qazanan müəllimlər o motivasiyanı hiss edəcəklər ki, onları gələcək üçün yaxşı perspektiv gözləyir. Aralarından həm metodistlər, həm məktəb direktorları seçiləcək, həm də rəhbərliyə layiq bilinəcəklər. Bu baxımdan bu, ciddi rəqabət yaradacaq. Müəllimlər arasında istedadı və bacarığı olanlar tez üzə çıxa biləcəklər", - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI