Həmin müəllimin 59 bal yığması cəmiyyətə bir mesajdır - AÇIQLAMA

"Bu müəlliməni tanımıram. Hansı fənni tədris etdiyini də oxumadım. Amma indi bir saytda oxudum ki, əvvəlki sertifikasiya imtahanından kəsilən bu müəllimə bu dəfə 60 baldan 59 bal yığıb. Bu 98.33% nəticə deməkdir. Fantastika! Təbrik edərək, uğur diləyirəm!"
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov özünün feysbuk hesabında Gəncə şəhər 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ülviyyə İsmayılovanın təkrar sertifikatlaşdırma imtahanından yüksək nəticə göstərməsini şərh edərkən bildirib.
"Ona görə bu məsələyə toxundum ki, bu adi bal deyil. Bu, cəmiyyətə bir mesajdır. Əməyin boşa getmədiyinin sübutudur. Sakit-səssiz, şikayətsiz, tənqid etmədən, haqq axtarmadan, sadəcə oturub çalışmaqla da nəyəsə nail olmaq olur.
Bax budur əmək deyilən şeyin tərifi. O dərhal nəticə verməyə bilər. Gecikə bilər. Amma əgər içində səmimiyyət varsa, zəhmət varsa, bir gün öz sözünü deyir. Əvvəlcə sən ona xidmət edirsən, sonra o sənə qayıdır. Gecikmiş cavab olur, amma gəlir.
İnanın dostlar, nə olursa-olsun, insan əməyinin haqqı itmir. Gec-tez, bir şəkildə yolunu tapır. Sadəcə doğru olmaqdan və çalışmaqdan əl çəkməmək lazımdır. Mütləq bir gün əməyiniz qiymətini alacaq", - deyə ekspert əlavə edib.
Turan İSMAYIL