"Müəllimi ancaq savadlandırmaq üçün imtahan edərlər, cəzalandırmaq üçün yox" - Şahlar Əsgərov

İyunun 18-də Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən müəllimlər üçün sertifikasiya imtahanı keçirilib. İmtahandan sonra isə müəllimlər tərəfindən kütləvi olaraq narazılıqlar səsləndirilir.
Bəs Azərbaycan dili və Ədəbiyyat fənni üzrə yenindən imtahan keçirilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti, professor Şahlar Əsgərov bildirdi ki, suala tam cavab verə bilməyəcək.
"Bilmirəm, onu keçirən insanların beynində nə düşüncə var. Bunlar qanuna uyğun deyil. Bu, kiminsə, hansısa təşkilatın iddiaları əsasında keçirilir, bunu başa düşün. Hamımız bunu başa düşməliyik. Sinqapur Zəngilan boyda torpaq sahibidir. Sinqapurun istehsal etdiyi elmi məhsulların payı Rusiyadan çoxdur. Niyə? Çünki onlar müəllimlərə qayğı ilə yanaşır. Müəllimlərə imtahan etsələr də, müəllimlərin zəif nöqtələrini düzəltmək üçün onları yenidən məktəbə, kursa göndərirlər. Axı bilmirəm, burada sertifikasiya nə niyyətlə edilir".
Professor bildirdi ki, bu siyasət səhvdir.
"İmtahanla müəllimin savadını qaldırmalıyıq. Çünki o, universiteti qurtarıb, küçədən gəlməyib. Müəllimi ancaq savadlandırmaq üçün imtahan edərlər, cəzalandırmaq üçün yox. İmtahanı edərlər ki, səni məktəbə yox, kurslara, hazırlıqlara göndərək. Müəllimi imtahan etmək olar, onu işdən azad etmək üçün yox, daha yüksək savadla təmin etmək üçün. Çünki o, orta və ali məktəbi qurtarıb. Onun biliyini qaldırıb, sonra sinifə buraxarıq", - deyə Şahlar Əsgərov vurğuladı.
Aytəkin TOFİQQIZI