"Nazirlik sertifikasiyadan kəsilən müəllimlərə təkrar şans verməməlidir" - ÇAĞIRIŞ

 00:43 23.06.2025     155

"Sertifikasiya imtahanının nəticəsinə görə humanistlik edilməməlidir. Narazı olanlar apellyasiya müraciəti edə bilər, haqlı isə bunu sübut edərək hüququnu müdafiə edə bilər. Amma çox təəssüflər olsun ki, bəziləri çarəni sosial mediada imtahan təşkilatçılarına və sualları tərtib edənlərə tənqid etməkdə görür".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Ramin Nurəliyev özünün sosial şəbəkə hesabında yazıb.

O, hesab edir ki, sertifikasiya imtahanı gələcək nəslin savadlı olması, təhsilin inkişafı istiqamətində atılan bir addım kimi qiymətləndirmək lazımdır:

"İmtahanda iştirak edən müəllimlərin əksəriyyətinin müsabiqə şərtlərini ödədiyinin şahidi oluruq. Amma çox təəssüflər olsun ki, müsabiqədən uğursuz nəticə ilə ayrılan müəllimlərimiz də var. Müəllim tədris etdiyi ixtisası üzrə müsbət nəticə əldə edə bilmirsə, əmək fəaliyyətinə davam etməməlidir. Buna baxmayaraq Elm və Təhsil Nazirliyi təkrar imtahanda iştirak etmək üçün kəsilən müəllimlərə bir dəfə də şans verir. Lakin buna baxmayaraq müəllim işinə ciddi yanaşmırsa, 1 il müddətində hazırlıqsız imtahana qoşulursa, həmin müəllimə güzəşt olunmamalıdır. Lakin biz şans verilən müəllimin məsuliyyətlə çalışaraq növbəti imtahanda yüksək nəticə ilə uğur əldə etdiyinin də şahidi olduq".

R.Nurəliyevin fikrincə, öz ixtisası üzrə hazırlaşmaq bir müəllimə çətin gəlirsə, o, ümumtəhsil məktəblərində tədris prosesindən konkret olaraq kənarlaşdırılmalıdır.

"Düşünə bilirsinizmi, 11-ci sinifdə oxuyan bir abituriyent 5-6 fənn üzrə qəbul imtahanı verir. Bu abituriyent verəcəyi imtahana 5 fəndən hazırlaşır. Amma 1 fəndən, illərlə ixtisası üzrə dərs keçən müəllim təəssüflər olsun ki, kəsilir. Başqa fəndən deyil ha, öz fənnindən kəsilir. Yəni, bu müəllim 11-ci sinifdə oxuyan şagird qədər də işinə məsuliyyətlə yanaşmır. Təkrar şans verilir, yenə də kəsilir. Kəsilir və sonra da günahı sualları tərtib edənlərdə görür.
Əgər bir müəllim 5 fənnə hazırlaşan şagird ilə müqayisədə uğursuz nəticə əldə edirsə, bu biabırçılıqdır. 5 fənn üzrə hazırlaşan 11-ci sinif şagirdinin yükü ilə öz fənni üzrə bir fəndən hazırlaşan müəllimi müqayisə edin. Nə demək istədiyimi anladınız hər halda... İxtisasını bilməyən və buna aciz olan müəllim özü könüllü və səssiz məktəbdən ayrılmalıdır. Çünki müəllimlik peşəsi müqəddəsdir, ucadır. Bu uca peşəni gözdən salmaga heç birimizin haqqı yoxdur. 
Qəbul edək ki, hamımız öz övladımıza savadlı müəllimin dərs keçməsini istəyər və arzulayarıq", - deyə o, fikrini tamamlayıb.

Turan İSMAYIL