Azərbaycanda ibtidai təhsilin 5 il olması təklif EDİLDİ

Azərbaycanda ibtidai təhsilin beş il olması təklif edilir.
Redaktor.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd bildirib.
O, qeyd edib ki, ibtidai təhsil kitaba həvəs, müəllimə hörmətdən başlayır.
"Məktəb elm ocağıdır, onun tərifini geri qaytarmaq lazımdır. Müəllim və şagird məktəbi evi kimi görməlidir. Universitetlərin özünüidarəetmə sistemi olmalıdır. Məktəb modeli dəyişməlidir, 11 il olması doğru deyil. Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. İbtidai məktəb 4 il deyil, 5 il olmalıdır. Təhsil balanslı deyil. Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını alırıq. Əslində həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır, ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır. şagird özü ixtisas seçimi etməlidir. Müasir dünyada belədir. Biz yeni model yaratmalıyıq. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik", - deyə Q.Məmməd əlavə edib.