Məktəblilər hansı idman növü ilə məşğul olmalıdır? - Fizioterapevt və idman ekspertindən MƏSLƏHƏT

Artıq məktəblilər üçün yay tətili başlayıb. Bu zaman isə gündəmə gələn mövzu uşaqların tətillərini necə dəyərləndirmələri olur.
Məktəbli uşaqlar yay tətili zamanı fiziki inkişaf üçün nələr etməlidirlər? Uşaqlar hansı idman növlərinə yönlənsələr daha faydalı olar?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında fizioterapevt Afaq Salamova bildirdi ki, uşaqlar üçün idman növü seçimi olduqca həssas və əhəmiyyətli bir prosesdir.
"Bu seçim yalnız uşağın maraqlarına əsaslanmamalı, eyni zamanda onun yaşı, fiziki və əqli inkişaf səviyyəsi də nəzərə alınmalıdır. Uşaqların bədən quruluşu, sağlamlıq vəziyyəti və psixoloji hazırlığı müxtəlif olduğu üçün bütün uşaqlara eyni idman növü uyğun olmaya bilər. Buna görə də idmana başlamazdan əvvəl uşağın tibbi müayinədən keçirilməsi mütləqdir. Bu müayinə nəticəsində müəyyən edilən sağlamlıq vəziyyətinə uyğun olaraq, ona uyğun idman növü təyin edilə bilər. Çünki bəzi hallarda müəyyən xəstəliklər üçün konkret idman növləri daha çox məsləhət görülür və sağlamlığa mənfi təsir göstərə biləcək idman növlərindən uzaq durmaq tövsiyə olunur".
Fizioterapevt qeyd etdi ki, yaş baxımından yanaşdıqda, uşaqlar təxminən 3-4 yaşından etibarən idmanla məşğul olmağa başlaya bilərlər.
"Bu dövrdə əsasən sadə və əsas hərəkətləri əhatə edən idman növləri üzgüçülük, yüngül atletika, gimnastika və futbol tövsiyə edilir. Həmçinin bu dövrdə uşaqların bədəni elastik və formalaşma mərhələsində olduğu üçün, onları çox yükləyən, ağır və riskli idman növlərindən uzaq durmaq lazımdır.
4-5 yaşından etibarən isə uşaqlar daha koordinasiyalı və komanda şəklində fəaliyyət tələb edən idman növlərinə – futbol, voleybol, basketbol və velosiped sürməyə yönləndirilə bilərlər. Komanda oyunları yalnız fiziki deyil, həm də sosial inkişaf baxımından əhəmiyyətlidir. Belə oyunlar uşaqlarda kollektivdə davranış, əməkdaşlıq və məsuliyyət hissini də inkişaf etdirir.
7-10 yaş aralığında olan uşaqlar artıq daha mürəkkəb və taktiki yanaşma tələb edən idman növlərinə keçid edə bilərlər. Bu mərhələdə oxatma, atçılıq kimi diqqət və koordinasiya tələb edən idman növləri faydalı ola bilər.
10–13 yaş arasında isə uşaqların bədənində dözümlülük və çeviklik daha da inkişaf etdiyi üçün bu dövr bəzi ixtisaslaşmış idman növlərinə başlamaq üçün əlverişlidir.
14 yaşdan sonra isə ümumiyyətlə, uşaq artıq öz maraqları, fiziki imkanları və hədəfləri əsasında istənilən idman növünü seçə bilər.
Fiziki sağlamlığa təsiri baxımından ən faydalı idman növlərindən biri üzgüçülükdür. Üzgüçülük əzələləri gücləndirir, koordinasiyanı artırır, ürək-damar sistemini tənzimləyir və həm də tez-tez xəstələnən uşaqlar üçün xüsusilə tövsiyə edilir. Gimnastika isə güc, dözümlülük və çevikliyi artırmaqla yanaşı, zehni inkişafı da dəstəkləyir. Yüngül atletika uşaqlarda düzgün qamətin formalaşmasına kömək edir. Velosiped sürmə, xüsusilə də ayaq və kürək əzələlərinin möhkəmlənməsinə təsir edir və dayaq-hərəkət sistemi xəstəliklərinin profilaktikasında effektiv rol oynayır".
Həkimin fikrincə, hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq idman seçimində əsas meyar olmalıdır:
"Məsələn, kök uşaqlara xokkey və cüdo tövsiyə edilir, çünki bu idman növləri daha çox enerji sərfi və bədənə yük tələb edir. Gimnastika ilə məşğul olmaq istəyən uşaqlarda isə elastiklik və çeviklik kimi təbii qabiliyyətlər varsa, daha uğurlu nəticələr əldə oluna bilər. Ümumilikdə isə, bütün uşaqlar üçün düzgün qamət çox vacibdir və bunu təmin etmək üçün üzgüçülük və atçılıq kimi idman növləri xüsusi əhəmiyyət daşıyır. Amma atçılıq seçilərkən uşağın at tükünə qarşı allergiyası olub-olmaması da yoxlanmalıdır".
Fizioterapevt sonda qeyd etdi ki, uşaqlar üçün idman seçimi sadəcə fiziki fəaliyyət məsələsi deyil, həmçinin onların gələcək sağlam həyat tərzlərinin və sosial inkişaflarının əsasını qoyan mühüm bir addımdır.
"Bu baxımdan valideynlər və müəllimlər uşağın fərdi xüsusiyyətlərini, sağlamlıq durumunu və maraqlarını nəzərə alaraq, ona uyğun olan idman növünü seçməyə diqqət yetirməlidirlər. Düzgün seçilmiş idman növü uşağın həm bədən, həm də psixoloji inkişafına müsbət təsir göstərəcək və onun həyat keyfiyyətini yüksəldəcək", - deyə Afaq Salamova vurğuladı.
İdman eksperti Fuad Eldarov isə bildirdi ki, yay tətili uşaqların idmanla məşğul olmaları üçün əla fürsətdir.
"Həm fiziki inkişaf etmələri, həm də yeni mövsümə mənəvi və fiziki baxımdan hazır olmaları üçün əla fürsətlərdən biridir. Əlbəttə ki, təhsilin yorğunluğunu bir kənara qoyduqdan sonra uşaqların mütəmadi olaraq tətil zamanı idmana cəlb olunmaları əla fikirdir. Bu məqamla bağlı bir sıra amillər var. Uşaqların yay tətilində idmanla məşğul olmaları tam öz əllərində olan bir məsələ deyil. Uşaqların bir çoxunu yönləndirmək lazımdır. Bu da məktəblərin, təhsil şöbələrinin, bəzi idman qurumlarının üzərinə düşən vəzifədir. Uşaqlar üçün yaradılacaq fürsətlər çox effektiv ola bilər".
Müsahibimizin sözlərinə görə, uşaqların yay tətillərini boş keçirmələri yeni başlayacaq tədris ilinə mənfi təsir göstərə bilər.
"İdman bu zaman bir nömrəli vasitələrdən biridir. Əlbəttə, intellektual oyunların da keçirilməsi yaxşı ola bilər. Təkcə Bakı və Bakıətrafı ərazilərdə yox, rayonlarda da yay istirahət düşərgələri yaradılarsa, bu uşaqlar üçün maraqlı və səmərəli ola bilər. Günün bir neçə saatı idmanın müxtəlif növləri ilə məşğul ola bilərlər. Dənizkənarı ərazilərdə təlimçilərin rəhbərliyi ilə idmanla məşğul olsalar, çox faydalı olacaq".
F.Eldarov qeyd etdi ki, uşaqların hansı idman növünə yönəlmələri ilə bağlı ümumi fikir bildirmək olmaz. Onun sözlərinə görə, hər uşaq istənilən idmana maraq göstərə bilər:
"Qızlar arasında gimnastika, yüngül atletika idman növləri daha çox maraq qazanıb. Onlar həmin idman növlərinə yönəlməyi daha vacib hesab edirlər. Eyni zamanda idmanla yanaşı qız uşaqlarında rəqsə də meyil var. İntellektual oyunlarda şahmatla məşğul ola bilərlər. Bu, uşaqların zehnlərinin inkişafı üçün çox faydalı ola bilər. Oğlanlar futbola daha çox maraq göstərirlər. Şahidik ki, öz həyətlərində futbolla məşğul olanlar var. Boks, cüdo da ola bilər. Federasiyalar uşaqlar üçün əllərindən gələni əsirgəmirlər. Müxtəlif tədbirlər və layihələr keçirilir ki, uşaqlar daha erkən yaşlarında idmanla məşğul olsunlar. İdmanla bir müddət məşğul olduqdan sonra xüsusi turnirlər keçirilir ki, onların həvəsləri artırılsın".
Xədicə BAXIŞLI,
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.
