"Müəyyən bölgələr var ki, orada qadınların təhsildən yayınma faktoru çoxdur" - Ekspert

 20:20 24.06.2025     1891

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, gənc qızların təhsilinə dəstək layihələri daha çox olmalıdır. 

Hazırda bu sahədə görülən işlər yetərlidirmi? Əlavə hansı layihələr həyata keçirilə bilər?

Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda ölkəmizdə qızların təhsili ilə bağlı müvafiq maarifləndirici xarakterli tədbirlər həyata keçirilir.

"Əlbəttə, biz çalışmalıyıq ki, bu tədbirlər xüsusi olaraq respublikanın müxtəlif bölgələrində, daha çox da erkən nikaha cəlb olunma məsələsinin aktual olduğu ərazilərdə həyata keçirilsin. Çünki müəyyən bölgələr var ki, orada qadınların təhsildən yayınma faktoru çoxdur".

Müsahibimiz qeyd etdi ki, keçiriləcək tədbirləri sadəcə Elm və Təhsil Nazirliyindən gözləmək doğru deyil.

"Məncə, burada digər hökumət təşkilatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi qurumlar da məsələdə dəstək göstərməlidirlər. Biz hər zaman ailədə olan xanım üzvlərin ali təhsilli olmasının tərəfdarı olmuşuq. Ali təhsil əlçatanlığı o qədər mümkün deyilsə, orta təhsilə yiyələnsinlər", - deyə Elçin Əfəndi qeyd etdi.

Aytəkin TOFİQQIZI